“Qatar Airways” Yaxın Şərq regionunda bir sıra əsas istiqamətlər üzrə uçuşları bərpa edir.
Bakıvaxtı.az xəbər verir ki, qərara əsasən, aprelin 23-dən etibarən Doha–Dubay və Doha–Şarcə istiqamətləri üzrə gündəlik reyslər bərpa olunur. Bundan əlavə, Mayın 1-dən isə Dəməşq istiqamətində gündəlik uçuşların həyata keçirilməsi planlaşdırılır.
Bildirilib ki, “Qatar Airways” qlobal uçuş şəbəkəsini mərhələli şəkildə bərpa edəcək. Aviaşirkət iyunun 16-dan altı qitədə 150-dən çox istiqamətə, o cümlədən Bakıya uçuşlarını bərpa etməyi planlaşdırır.
Şirkət sərnişinlərə rəsmi internet səhifəsi və mobil tətbiq vasitəsilə uçuş cədvəllərini mütəmadi izləməyi, eləcə də əlaqə məlumatlarını yeniləməyi tövsiyə edib.
Qeyd olunub ki, 28 fevral – 15 sentyabr 2026-cı il tarixləri arasında təsdiqlənmiş biletləri olan sərnişinlər üçün bir sıra güzəştlər tətbiq ediləcək. Belə ki, sərnişinlər mövcud biletlərini bu il oktyabrın 31-dək əlavə ödənişsiz dəyişə biləcək, həmçinin uçuşlarla bağlı hər hansı fövqəladə hal baş verdikdə yenidən pulsuz dəyişiklik hüququndan istifadə edə biləcəklər.
Eyni zamanda istifadə olunmayan biletlərin dəyərinin geri qaytarılması mümkün olacaq və geri ödənişlər 28 iş gününədək davam edə bilər.
Aviaşirkət əlavə edib ki, uçuş cədvəlləri əməliyyat, təhlükəsizlik, tənzimləmə və digər səbəblərdən dəyişdirilə və ya ləğv oluna bilər.
Bakı 




