q
  • Bakı 10° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

ABŞ-İran qarşıdurması: Tehran zəif mövqedə, Vaşinqton daxilində parçalanma

SİYASƏT

23 Aprel 2026 | 16:04

ABŞ-İran qarşıdurması: Tehran zəif mövqedə, Vaşinqton daxilində parçalanma

ABŞ-İran xəttində baş verənlər artıq konkret qərar və bəyanatlar üzərindən oxunur. ABŞ Senatında səsə çıxarılan müharibə səlahiyyətləri qətnaməsi birbaşa Donald Trampın Konqres təsdiqi olmadan hərbi əməliyyat aparmaq imkanlarını məhdudlaşdırmağa yönəlib və bu, Vaşinqton daxilində açıq siyasi parçalanmanı göstərir.

Söhbət abstrakt fikir ayrılığından getmir, konkret olaraq prezidentin hərbi qərarlarının legitimliyi müzakirə olunur. Mövcud qanuna görə 60 günlük müddətin aprelin 28-də bitməsi isə Tramp administrasiyasını hüquqi və siyasi təzyiq altında saxlayır. Bu o deməkdir ki, ABŞ daxilində belə İranla bağlı vahid strategiya yoxdur və bu boşluq qarşı tərəf tərəfindən diqqətlə izlənilir.

Ağ Evin son açıqlaması isə prosesin məzmununu açıq şəkildə ortaya qoyur: ABŞ İrandan zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edir və cavab gözləyir. Bu, diplomatik ritorika deyil, konkret ultimatumdur. Eyni zamanda Ağ Ev bildirir ki, atəşkəs formal deyil və qərar tam şəkildə prezidentin ixtiyarındadır. Bu isə göstərir ki, proses hüquqi çərçivədən çox siyasi iradə ilə idarə olunur. Con Boltonun açıq şəkildə “Ağ Evdə çaxnaşma var” deməsi və Trampın ziddiyyətli açıqlamalarının İran tərəfindən zəiflik kimi oxunduğunu vurğulaması vəziyyətin daxildən nə qədər qeyri-sabit olduğunu təsdiqləyir. Gavin Nyusomun ardıcıl ziddiyyətli qərarları sadalaması isə artıq bu xaotik idarəetmənin ABŞ daxilində də açıq şəkildə tənqid edildiyini göstərir.

Bu fonunda İranın davranışı daha çox kompensasiya xarakteri daşıyır. SEPAH-ın Hörmüz boğazında iki gəmini ələ keçirməsi və EUPHORIA tankerinin vurulması hərbi balansı dəyişən addımlar deyil, daha çox mesaj xarakterlidir. İran burada real güc nümayiş etdirməkdən çox, zəifliyini ört-basdır etməyə çalışır. Çünki iqtisadi sanksiyalar, daxili siyasi parçalanma və beynəlxalq təcrid fonunda Tehran uzunmüddətli qarşıdurma aparmaq resurslarına malik deyil. Ona görə də taktiki eskalasiyalarla özünü daha güclü göstərmək və qarşı tərəfi çəkindirmək strategiyası seçilir.

Digər tərəfdən, münaqişənin uzanması bəzi böyük güclərin maraqlarına uyğun gəlir. Rusiya üçün bu vəziyyət ABŞ-nin diqqətini Ukrayna və digər istiqamətlərdən yayındırır. Çin üçün enerji bazarında qeyri-sabitlik və ABŞ-nin Yaxın Şərqdə daha çox ilişib qalması strateji üstünlük yaradır. Avropa İttifaqı isə açıq şəkildə sülh tərəfdarı olsa da, real siyasətdə prosesin idarə olunan şəkildə davam etməsinə uyğunlaşır.

Nəticədə formalaşan mənzərə aydındır: bu, sürətlə bitəcək müharibə deyil, müxtəlif aktorların maraqlarına xidmət edən uzanan gərginlik modelidir. Bu modeldə İran güclü tərəf deyil, daha çox vəziyyətdən maksimum istifadə etməyə çalışan, amma strateji baxımdan zəif mövqedə olan aktor kimi çıxış edir.

Alim Nəsirov


SON XƏBƏRLƏR