q
  • Bakı 11° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Cənubi Qafqaz diqqət mərkəzində: NATO-nun artan marağı nə ilə bağlıdır?

SİYASƏT

23 Aprel 2026 | 14:30

Cənubi Qafqaz diqqət mərkəzində: NATO-nun artan marağı nə ilə bağlıdır?

Xəbər verdiyimiz kimi, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın gələcəkdə Azərbaycan və Gürcüstana səfər edəcək.

Azərbaycan və Gürcüstan ilə NATO arasında əməkdaşlığın hazırkı mərhələsi bu səfər fonunda hansı istiqamətlərdə dərinləşə bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, Varşava Birliyi, SSRİ-nin süqutundan sonra NATO-nun sürətlə şərqə doğru irəliləməsi prosesi başladı. Xüsusilə də NATO blokunun Rusiya sərhədlərinə doğru irəliləməsi intensiv xarakter daşıyıb:

"Məqsəd Rusiyaya qonşu olan respublikalarda “narıncı inqilablar”, “rəngli inqilablar”, demokratiya ideyası altında dövlət çevrilişləri edərək, həmin dövlətlərdə özlərinə münasib kadrları hakimiyyətə gətirmək və həmin dövlətləri NATO-ya inteqrasiya etmək siyasətini həyata keçirməkdir".

Müsahibimiz qeyd edib ki, istər Pribaltika respublikaları olsun, istərsə də Varşava Birliyinə daxil olan dövlətlər sürətlə NATO-ya daxil edildi və NATO bloku Rusiya əleyhinə bu dövlətlərdən istifadə etdi. Xüsusilə də qeyd etmək yerinə düşər ki, istər Gürcüstanda, istərsə də Ukraynada baş verən hadisələr bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir:.

"Başda ABŞ olmaqla NATO bloku Rusiyanı düşmən elan edib və onu dünya siyasi xəritəsindən təcrid etmək siyasəti həyata keçirir. NATO niyə Afrika qitəsində, Latın Amerikasında inteqrasiya etmir, məhz Rusiya ətrafında, Rusiyanın qonşuları olan ölkələrdə, onun sərhədlərinə doğru inteqrasiya edir? Xüsusilə də Cənubi Qafqaz və Orta Asiya respublikaları NATO-nun diqqət mərkəzindədir".

Azad Məsiyev: NATO daxilində müəyyən siyasi çatlar yaranıb

Politoloqun sözlərinə görə, ümumilikdə Qərb bloku Cənubi Qafqaz respublikalarını öz təsiri altına salaraq Rusiya əleyhinə istifadə etmək istəyir. Bunu Gürcüstanın baş naziri açıq şəkildə bəyan edib ki, Avropa dövlətləri Gürcüstandan Rusiya əleyhinə ikinci cəbhə açmağı tələb edir. Gürcüstan bu siyasəti həyata keçirmədiyinə görə, ölkənin və xalqın maraqlarına uyğun olaraq belə avantürist çağırışlara getmədiyinə görə, Gürcüstanda etirazlar və hakimiyyətə qarşı təzyiqlər baş verib və bu proseslər Qərb tərəfindən dəstəklənib:

"NATO bloku bu siyasətin əsas icraedici gücü kimi çıxış edir. Bu baxımdan NATO müntəzəm şəkildə Rusiya sərhədlərinə doğru genişlənir və bəzi dövlətlərdə çevrilişlərdən sonra bu prosesi sürətləndirir, bəzilərində isə siyasi manevrlər edərək münasibətlər qurmağa çalışır.

Bildiyiniz kimi, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, heç bir hərbi bloka qoşulmur və öz xarici siyasət doktrinasında balanslaşdırıcı siyasət həyata keçirir. Eyni zamanda Azərbaycanın qonşularla dinc yanaşı yaşama prinsipi xüsusi önəm daşıyır və Azərbaycan üçüncü tərəflərlə əməkdaşlığı qonşu dövlətlərin əleyhinə istifadə etmir. Bu baxımdan NATO ilə Azərbaycanın müntəzəm siyasi dialoqu və ünsiyyəti sırf siyasi xarakter daşıyır. Bildiyiniz kimi, Azərbaycan NATO ilə Əfqanıstanda əməkdaşlıq edib. Ümumilikdə NATO ilə əlaqələrimiz siyasi xarakter daşıyır, biz hərbi NATO blokuna inteqrasiya etmək fikrində deyilik və bu baxımdan Azərbaycan Qoşulmama Hərəkatının üzvü olaraq qalır".

Həmsöhbətimiz vurğulayıb ki, buna baxmayaraq NATO bloku hərbi struktur olaraq öz əhatə dairəsini genişləndirməkdədir, xüsusilə də Cənubi Qafqaz və Orta Asiya regionunda bunu sürətlə həyata keçirmək istəyir. Məqsəd aydındır: Rusiyanın sərhədlərinə doğru irəliləmək. Bu baxımdan Azərbaycan hərbi bloka qoşulmadığına, neytral siyasət həyata keçirdiyinə görə Qoşulmama Hərəkatının üzvüdür və NATO ilə əlaqələri yalnız siyasi xarakter daşıyır, hərbi məzmun daşımır:

"Onu da qeyd etmək lazımdır ki, NATO daxilində müəyyən siyasi çatlar yaranıb. Xüsusilə də Amerika Birləşmiş Ştatlarında Trampın hakimiyyətə gəlməsi ilə ABŞ və Avropa ölkələri arasında NATO-nun maliyyə dəstəyi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Tramp açıq şəkildə bəyan edir ki, NATO üzvü olan dövlətlər öz gəlirlərinin 5 faizini təhlükəsizlik xərclərinə ayırmalıdır. Bu isə həmin dövlətlərin iqtisadi inkişafına təsir edə bilər və Avropa ölkələri bu çağırışı tam şəkildə qəbul etmir. Eyni zamanda Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən hadisələr də NATO daxilində fikir ayrılıqlarına səbəb olub.
Ümumilikdə dünya birqütblü sistemdən çoxqütblü sistemə keçməlidir. Azərbaycan isə öz təhlükəsizliyini təmin etmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi və siyasi əməkdaşlığını genişləndirir və balanslaşdırılmış siyasət həyata keçirir.  Azərbaycan üçün hər hansı təşkilatla əməkdaşlıq üçüncü tərəflərin əleyhinə deyil, milli maraqlardan irəli gələn siyasi manevrdir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR