Son dövrdə İran ətrafında formalaşan beynəlxalq mühit ölkə daxilində siyasi və institusional tarazlıqları ciddi şəkildə sarsıdır. Avropa istiqamətindən gələn sərt qərarlar, regional hərbi təzyiqlər və ABŞ-nin açıq hədələyici ritorikası Tehranın manevr imkanlarını daraldıb.
Bu xarici sıxılma avtomatik olaraq daxili təhlükəsizlik reflekslərini gücləndirir və proseslərin mərkəzində əsasən SEPAH dayanır. Güc strukturları üçün mövcud vəziyyət islahat yox, nəzarətin itirilməsi riski kimi oxunur və buna cavab olaraq daxildə sərtlik artır. Bu, faktiki olaraq İranın təhlükəsizlik dövlətinə daha çox yaxınlaşması deməkdir.
Daxildə baş verən son hadisələr göstərir ki, bu sərtlik ilk növbədə islahatçı və nisbətən praqmatik siyasi düşərgəni hədəfə alıb. Keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani xəttinə yaxın şəxslərə qarşı atılan addımlar, həbslər və inzibati basqılar təsadüfi deyil. Bu, bir növ qabaqlayıcı zərbədir və məqsəd potensial etiraz dalğasının siyasi mərkəzləşməsinin qarşısını almaqdır. Reformist çevrələrin zəiflədilməsi ilə küçədəki narazılığın təşkilatlanma imkanları da məhdudlaşdırılır. Beləliklə, xarici təzyiq daxildə siyasi sərtliyin əsas arqumentinə çevrilir.
Bu fon üzərində hazırkı prezident Məsud Pezeşkianın mövqeyi xüsusi diqqət çəkir. Pezeşkian administrasiyası beynəlxalq gərginliyi yumşaltmaq və ölkəni tam izolyasiyadan çıxarmaq üçün texnokrat və praqmatik mesajlar verir. Onun MAQATE ilə əməkdaşlığa açıq olduğunu bəyan etməsi yalnız xarici auditoriya üçün deyil, eyni zamanda daxili siyasi sistem üçün də mesajdır. Bu, göstərir ki, rəsmi Tehran daxilində bütün mərkəzlər konfrontasiya xəttini yeganə çıxış yolu kimi görmür. Lakin bu yanaşma güc strukturları ilə hökumət arasında gərginliyi daha da artırır və qarşıdurmanı institusional mərhələyə keçirir.
Burada həlledici rol ali dini-siyasi rəhbərliyə məxsusdur. Əli Xameneinin mövqeyi İran siyasi sistemində balansın hansı istiqamətə dəyişəcəyini müəyyənləşdirir. Son dövrlər dini elitanın daha aktiv görünməsi, müxtəlif siqnalların verilməsi göstərir ki, ali rəhbərlik prosesləri tam sərt ssenariyə buraxmaq istəmir və mümkün alternativləri açıq saxlayır. Bu, bir tərəfdən SEPAH-ın güclənməsinin qarşısını almaq, digər tərəfdən isə sistemi tam sarsıtmadan islahat tələblərini nəzarətdə saxlamaq cəhdidir.
Bütün bunlar Oman vasitəçiliyi ilə keçirilmiş danışıqlar fonunda daha aydın oxunur. Həmin görüşlərin nəticələri hələ tam açıqlanmasa da, Vaşinqtondan gələn bəyanatlar göstərir ki, ABŞ İranın müəyyən öhdəliklərə razı ola biləcəyini hesablayır. Eyni zamanda açıq mesaj da verilir: razılaşma olmazsa, bunun nəticələri Tehran üçün daha ağır olacaq. Məhz bu risk İran daxilindəki ziddiyyətləri kəskinləşdirir. Xarici təzyiq kompromis ehtiyacını artırır, daxili güc mərkəzləri isə bunu rejimin zəifləməsi kimi görür. Nəticədə İran hazırda həm xaricdən, həm də daxildən sıxılan, etiraz potensialı yüksək, qərar anına yaxınlaşan bir mərhələyə daxil olub.
Ruslan Zəngəzur
Bakı 




