Dekabrın 28-dən İranda başlayan etiraz aksiyaları səngisə də, ölkədə gərginlik və həbslər davam edir.
Hazırda gündəmdə islahatçı siyasətçilərin həbs məsələsi dayanır. Artıq təkcə etirazçı kütlə deyil, həm də rejimə müxalif olan və şərti olaraq islahatçı sayılan qüvvələrin təmsilçilərinin həbsinə başlanılıb.
İran hakimiyyəti siyasi fəallığı sərtləşdirilmiş nəzarətlə cilovlamağa çalışır ki, bu da regiondakı gərginliyi artıra bilər.
Bəs bu həbslər İranın daxili legitimliyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, İranda illərdir belə həbslər baş verir və bu, yeni bir proses deyil:
“İran hakimiyyətinin legitimləşməsi ayrıca bir problemdir. Hakimiyyət uzun illərdir eyni siyasi xətt üzrə davam edir və bu şəraitdə legitimliklə bağlı suallar daim müzakirə mövzusu olub. Bu baxımdan mövcud həbslərin legitimləşmə prosesinə ciddi təsir göstərəcəyini düşünmək çətindir. Region baxımından da vəziyyətə ehtiyatla yanaşmaq lazımdır. İranda oxşar həbslər və sərt tədbirlər əvvəllər də olub”.

Əhəd Məmmədli: Daxili müstəvidə gərginliyin artması ehtimalı var
Ə.Məmmədli qeyd edib ki, rəsmi Tehran bunu daxili məsələ kimi təqdim edir və müəyyən mənada arqumenti əsaslandırmağa çalışır:
“Ona görə də bu proseslərin birbaşa region dövlətləri üçün dərhal və ciddi nəticələr doğuracağını demək çətindir. Bununla belə, daxili müstəvidə gərginliyin artması ehtimalı var. Bu cür addımlar cəmiyyətdə narazılığı dərinləşdirə və müəyyən etirazlara səbəb ola bilər. Belə bir ssenari mümkündür. Amma ümumi regional siyasi mənzərədə və digər əsas məsələlərdə köklü dəyişiklik gözlənilmir. Proseslər böyük ölçüdə əvvəlki məcrada davam edə bilər”.
Aynur Babazadə
Bakı 




