Son illər dünyada müstəmləkəçilik mirası üzərindən gedən siyasi mübahisələr yenidən aktuallaşıb. Sakit okeanın mərkəzində yerləşən Kanaki məsələsi də bu kontekstdə artıq regional yox, qlobal siyasi müzakirənin predmetinə çevrilməkdədir. FLNKS (Front de Libération Nationale Kanak et Socialiste) tərəfindən irəli sürülən “Kanaki sazişi” sadəcə bir siyasi sənəd deyil, uzun illər davam edən status-kvoya açıq etirazdır.
Bu sənəd Fransa ilə münasibətləri muxtariyyət və qeyri-müəyyən keçid modelləri üzərindən deyil, tam siyasi suverenlik prizmasından yenidən düşünməyə çağırır. Məsələ təkcə Kanakinin gələcəyi ilə məhdudlaşmır, eyni zamanda müasir dövrdə postkolonial idarəçilik modellərinin nə dərəcədə legitim olduğu sualını ortaya qoyur.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayevanın sözlərinə görə, Kanaki sazişinin əsas fərqi ondadır ki, o müstəqilliyi abstrakt prinsip kimi yox, konkret siyasi hədəf kimi təqdim edir. Politoloq bildirib ki, əvvəlki modellər prosesin uzadılmasına, vaxt qazanmağa xidmət edirdi:
“Bu sənəd isə Fransa ilə münasibətlərdə psixoloji asılılığı dəf etməyə yönəlib. Burada ilk dəfə olaraq status-kvonun islahatla xilas edilə bilməyəcəyi açıq şəkildə deyilir. Saziş Kanaki cəmiyyətinə gözləmə mövqeyindən çıxmağı təklif edir. Ən önəmlisi isə siyasi məsuliyyəti yalnız Parisin üzərinə deyil, Kanaki elitasının öz üzərinə də qoyur”.
Müsahibimiz qeyd edib ki, Kanaki Fransa üçün sadəcə uzaq bir ərazi deyil, qlobal güc iddiasının simvolik dayaqlarından biridir. Dediyinə görə. Sakit okeandakı mövcudluq Parisə beynəlxalq sistemdə əlavə siyasi və hərbi çəkidarlıq verir:
“Müstəqillik presedenti yaranarsa, bu, digər dənizaşırı ərazilər üçün də nümunə ola bilər. Fransa bu səbəbdən muxtariyyət anlayışını təhlükəsiz tampon kimi istifadə edir. Amma reallıq dəyişib və bu model artıq inandırıcı görünmür. Kanaki sazişi də məhz bu zəif nöqtəni hədəfə alır”.

Züriyə Qarayeva: Dünya dəyişib və siyasi legitimlik artıq zorla yox, razılaşma ilə formalaşır
Bu prosesin beynəlxalq müstəviyə çıxarılmasının nə dərəcədə real olub-olmadığına gəlincə, Z.Qarayeva bildirib ki, müasir dövrdə müstəqillik məsələlərinin daxili problem kimi saxlanılması çətindir. Kanaki sazişi beynəlxalq hüquqa və xüsusilə BMT mexanizmlərinə açıq istinad etməklə bunu anlayır. Bu yanaşma mübarizəni lokal emosiyadan çıxarıb hüquqi çərçivəyə salır:
“Əlbəttə, beynəlxalq dəstək avtomatik deyil və uzun proses tələb edir. Amma sənədin dili və arqumentasiyası bu yolda kifayət qədər rasionaldır. Bu, Kanaki məsələsinin qlobal vicdan testinə çevrilməsi deməkdir”.
“Kanaki sazişi postkolonial dövr üçün hansı mesajı verir” sualını cavablandıran həmsöhbətimizə görə. bu sənəd göstərir ki, neokolonial modellər artıq köhnəlib və işlək deyil. Ortaq suverenlik və geniş muxtariyyət kimi anlayışlar real azadlıq hissi yaratmır. Kanaki sazişi xalqlara öz gələcəklərini qeyri-müəyyən vədlərlə deyil, konkret qərarlarla qurmağı təklif edir:
“Bu, yalnız Fransa üçün yox, bütün keçmiş imperiyalar üçün ciddi mesajdır. Dünya dəyişib və siyasi legitimlik artıq zorla yox, razılaşma ilə formalaşır. Kanaki nümunəsi bu dəyişimin açıq göstəricisidir”.
Zülfü Məmmədov
Bakı 




