ABŞ-də 2026-cı ilin noyabrında keçiriləcək Konqres seçkiləri ərəfəsində Ukrayna ilə Rusiya arasında aparılan sülh danışıqlarının taleyi yenidən qeyri-müəyyənlik mərhələsinə daxil olur. Söhbət Vaşinqtonun siyasi gündəmini ciddi şəkildə dəyişən və administrasiyanın diqqətini daxili balanslara yönəldən ara seçkilərdən gedir. Məhz bu faktor hazırkı diplomatik proseslər üçün əsas risk mənbəyi kimi çıxış edir.
Konqres seçkiləri ABŞ-də xarici siyasətin davamlılığı baxımından həmişə həssas mərhələ olub. Çünki Ukraynaya hərbi və maliyyə dəstəyi, sanksiya paketləri və diplomatik təşəbbüslərin böyük hissəsi birbaşa Konqresin iradəsindən asılıdır. Seçkiyə gedən bir mühitdə isə administrasiya daha çox daxili siyasi mövqelərini qorumağa çalışır. Donald Trampın da məhz bu kontekstdə diplomatik proseslərdən məsafə saxlaya biləcəyi ehtimalı gündəmə gəlir. Seçki kampaniyası dövründə sülh danışıqları siyasi risk kimi qiymətləndirilə və arxa plana keçirilə bilər.
Bu vəziyyət Ukrayna üçün xüsusilə həssasdır. Kiyev artıq diplomatik təşəbbüslər üçün zaman pəncərəsinin daraldığını açıq şəkildə hiss edir. Zelenskinin son açıqlamalarında kompromisə hazır olduqlarını vurğulaması təsadüfi deyil. Bu, hərbi zəiflikdən çox, Vaşinqtona ünvanlanan siyasi mesajdır: Ukrayna müharibəni uzatmaqda maraqlı deyil və ABŞ-nin daxili siyasi hesablarına yük olmaq istəmir. Bununla Kiyev ABŞ-da formalaşa biləcək “Ukrayna yorğunluğu” ritorikasının qarşısını almağa çalışır.
Trampın danışıqlardan geri çəkilməsi və ya prosesi dondurması ehtimalı isə diplomatik baxımdan daha geniş nəticələr doğura bilər. Belə bir addım məsuliyyətin həm Kiyevin, həm də Moskvanın üzərinə atılması ilə əsaslandırıla bilər. Bu isə ABŞ-ın vasitəçi rolunu zəiflədər, Avropa ölkələrini daha aktiv mövqe tutmağa məcbur edər. Nəticədə sülh prosesi daha parçalanmış və koordinasiyası zəif bir mərhələyə keçə bilər.
Ümumilikdə, 2026-cı il Konqres seçkiləri fonunda ABŞ xarici siyasətinin daxili siyasi alətə çevrilməsi riski açıq şəkildə görünür. Ukrayna-Rusiya münaqişəsi bu prosesdən kənarda qala bilmir və böyük güclərin daxili balansları beynəlxalq sülh səylərinə birbaşa təsir göstərir. Bu mərhələdə əsas təhlükə ondan ibarətdir ki, müharibənin taleyi diplomatik masa arxasında deyil, seçki kampaniyalarının dinamikasında müəyyənləşə bilər.
Ruslan Zəngəzur
Bakı 




