• Bakı C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Mehmet Kılnamaz: TDT koordinasiya mərkəzi olmalıdır - MÜSAHİBƏ

MÜSAHİBƏ

20 Yanvar 2025 | 11:21

Mehmet Kılnamaz: TDT koordinasiya mərkəzi olmalıdır - MÜSAHİBƏ

Türkiyənin tanınmış tədqiqatçısı, yazar  Mehmet Kılnamaz Bakıvaxtı.az-a müsahibə verib.

Onunla söhbəti təqdim edirik.

 - Mehmet Kılnamaz kimdir? Azərbaycan oxucusuna özünüzü necə təqdim edərsiniz?

- İstanbul Universiteti Astronomiya və Kosmos Elmləri Bölümü (1986-1990), Erciyes Universiteti Fizika Bölümünü (1990-1995) bitirmişəm. Uzun illər fərqli sahələrdə fəaliyyət göstərmişəm. TOBB, TAPDK, Şəkər Zavodu, AB layihələri kimi dövlət və özəl sektor qurumlarında çalışmişam.

Hazırda təqaüddəyəm. Tədqiqatla məşğul olur və yazılar yazıram.

- Türkiyə-Azərbaycan əlaqələrini necə dəyərləndirirsiniz?

- Azərbaycanın xarici siyasətində xüsusi yerə sahib olan Türkiyə, dostluq və qardaşlıq siyasəti çərçivəsində Azərbaycanın çətin və problemlərlə dolu dövrlərində yanında olub. Türkiyə Azərbaycanın müstəqilliyinin tanınması və ərazi bütövlüyünün təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdə böyük rol oynayıb. Daha sonra həyata keçirilən işlərlə bu yaxınlıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

"Bir millər, iki dövlət " şüarı ilə Türkiyə-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Cənubi Qafqazın ən güclü dövləti və gələcək vəd edən ölkəsi olan Azərbaycan, Qafqazın təhlükəsizliyinin dayağıdır. Bu səbəbdən təhsil, təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və elm sahələrində əməkdaşlıq qaçılmazdır.

- Birlikdən söz düşmüşkən, Türk Dövlətləri Təşkilatı haqqında da fikirlərinizi öyrənmək istərdik...

- Türk Dövlətləri Təşkilatının gələcəyinə dair proyeksiyada bəzi məqamların diqqətlə araşdırılması lazımdır. TDT üzvü olan dövlətlərin maraqları qaçılmazdır. Ancaq bu təşkilatın əsas elementi olan ortaq dil, ortaq tarix kimi normativ bağlar, üzv dövlətlərin ayrı-ayrı maraqlarının üzərində bir ortaq maraqlar düsturunun qurulmasını zəruri edir.

Bununla yanaşı, geosiyasi nəzəriyyələrdə də araşdırılan "Ürək Yeri" (Heartland) və "Rimland" bölgələri olaraq təsvir edilən coğrafiyanın mərkəzində Türk Dünyasının yerləşməsi, Türk Dövlətləri Təşkilatına əlavə bir mənəvi dəyər qazandırır.

"Türk Şurası" adının "Türk Dövlətləri Təşkilatı" olaraq dəyişdirilməsi, təşkilatın daxili siyasi dinamiklərini və birlik anlayışına yüklənən mənanı nümayiş etdirir. Ad dəyişikliyi, təşkilatın üzv dövlətlərin hər birinin bərabər statusda ortaq məqsədlər ətrafında bir araya gəlməsi şüurunu ifadə edir: Hər birinin xalqı Türk olan dövlətlərin təşkilatı.

Uzun illərdir psixoloji bir maneə kimi Türkiyə və Azərbaycanın gündəmində olan Qarabağ məsələsinin böyük ölçüdə həll olunması, Türk Dövlətləri Təşkilatı üçün də müsbət bir inkişaf oldu. TDT regional məsələlərdə bir koordinasiya mərkəzi olmalıdır.

BMT və qurumları, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Konfransı (CICA) ilə institusional əlaqələri gücləndirmək və Avropa İttifaqı (Aİ), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Vyşehrad qrupu da daxil olmaqla, müvafiq regional təşkilatlarla yeni tərəfdaşlıq əlaqələri qurmaq hədəfi ortaya qoyulmalıdır.

Macarıstanın Türk Dövlətləri Təşkilatı və Vyşehrad Qrupunun (V4) birgə Dövlət Başçıları Zirvəsini toplama təklifi, Qırğızıstan prezidentinin bölgələrarası Orta Asiya + Cənubi Qafqaz platformasının qurulması təklifi bu istiqamətdə önəmlidir.

1992-ci ildən bəri davam edən Türk Dünyası zirvələri, Türk Dünyası arasındakı əlaqələri yetkinləşdirdi və 2009-cu il Naxçıvan Razılaşması ilə bir beynəlxalq təşkilat quruluşu ortaya çıxdı. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin qurucu üzv olduğu Türk Şurası, bir inteqrasiya prosesi olaraq Türk Dünyası baxımından əhəmiyyətlidir.

Avropa ölkələri enerji böhranının təsiri ilə Rusiya təbii qazından asılılıqlarını azaltmaq və alternativ enerji mənbələri tapmaq üçün böyük səylər göstərirlər. Bu vəziyyət, Türkiyənin coğrafi mövqeyi və geosiyasi əhəmiyyəti səbəbindən yeni imkanların yaranmasına şərait yaradır. Türkiyə Asiya ilə Avropa arasında enerji körpüsü rolunu oynayır və enerji ticarətində tranzit mərkəzə çevrilmə potensialına sahibdir.

Xüsusilə Azərbaycan kimi Türk Dövlətləri Təşkilatına üzv olan Türküstan ölkələri zəngin enerji resurslarına malikdir. Bu ölkələrin təbii qaz və neft ehtiyatları enerji böhranları kontekstində qlobal miqyasda strateji əhəmiyyət daşıyır və bu vəziyyət onların beynəlxalq arenada danışıqlar gücünü artırır.

Türkiyənin bu geosiyasi mövqeyi ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji resurslarının birgə dəyərləndirildiyi ortaq layihələrin həyata keçirilməsi mümkündür. Məsələn, enerji dəhlizləri, təbii qaz boru kəmərləri və bərpa olunan enerji layihələri kimi təşəbbüslər bu əməkdaşlığı daha da irəli apara bilər. Bu cür layihələr həm bölgə ölkələrinin iqtisadi gəlirlərini artıra, həm də enerji təminatı təhlükəsizliyi baxımından Avropa və digər bölgələrə alternativ təqdim edə bilər.

Nəticə etibarilə, TDT beynəlxalq sistemin getdikcə çoxqütblü bir quruluşa çevrilməsi çərçivəsində böyük bir potensiala sahibdir. İqtisadi əməkdaşlıqların artırılması və ortaq hərəkət edilməsi, təşkilatın gücünü və təsirini daha da artıracaqdır. Doğru strateji addımlar və qərarlı siyasətlə tarix, dil və mədəniyyət kimi ortaq dəyərlər əsasında güclü bir inteqrasiya modeli qurmaq mümkündür. Bu, yalnız regional deyil, qlobal səviyyədə də təsirli bir aktorun yaranmasına səbəb ola bilər.

- Türkiyədə şəkər zavodları ilə bağlı maraqlı xəbərlər var. Amma siz bu barədə bəzən fərqli fikirlər səsləndirirsiniz. Bu mövzuda tam vəziyyət nə yerdədir?

- Şəkər çuğunduru dünyada və Türkiyədə kənd təsərrüfatına əsaslanan sənaye istehsalında strateji rol oynayır. Şəkər yalnız iqtisadi məhsul deyil, sosial təsirləri olan, bir çox sektora xammal təmin edən və geniş məşğulluq imkanları yaradan bir məhsuldur. Bu səbəblə şəkər siyasətində şəkər təminatının sabitliyi, xaricdən asılılığın azaldılması və qida təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Türkiyədə şəkər çuğunduru istehsalında yüksək xərc, aşağı məhsuldarlıq, köhnə texnologiya və yenilənmə yatırımları ehtiyacının büdcəyə təzyiq yaratması sektorun qarşılaşdığı problemlərdir. Problemlərin həlli üçün özəlləşdirmə tədbirləri gündəmə gəlir.

Türkiyədə mövcud rəqəmlərə görə 3 milyon 151 min ton çuğundur şəkəri istehsal gücü mövcuddur. Çuğundurdan şəkər istehsal edən şirkətlərin ümumi gündəlik çuğundur işləmə gücü isə 191 min 500 tondur. Türkiyədə şəkər çuğunduru istehsalı hər il təyin olunan şəkər kvotalarına əsasən proqramlaşdırılır.

Türkiyədə 2003-cü ildən bəri istehsalda sabitlik təmin olunub. Türkiyə 2017/18 istehsal dövründə 21 milyon 150 min ton şəkər çuğunduru istehsalı ilə dünyada Rusiya, Fransa, Almaniya və ABŞ-dan sonra 5-ci yerdə qərarlaşıb. Türkiyədə xarici ticarət illərə görə dəyişsə də, az miqdarda şəkər ixracatı və idxalı həyata keçirilir. 2019-cu ildə 150 min ton şəkər idxal edilmiş, buna qarşı 30,2 min ton şəkər ixrac olunub.

Türkiyədə şəkər çuğunduru istehsalı çuğundur əkilən sahələrdən istehsalçılar və ya onların nümayəndələri ilə şirkətlər və ya zavodlar arasında müqavilə bağlanması yolu ilə kvotalı şəkildə həyata keçirilir.

Şəkər yalnız iqtisadi məhsul deyil, sosial təsirləri olan, bir çox sektora xammal təmin edən və geniş məşğulluq imkanları yaradan strateji bir məhsuldur.

Türkiyədə dövlətə məxsus şəkər zavodlarının bəzilərinin özəlləşdirilməsi ilə yanaşı, özəl sektor tərəfindən yaradılan yüksək texnologiyalı şəkər zavodlarının fəaliyyətə başlaması sektorda məhsuldarlıq səviyyəsini artırıb.

Türkiyədə dövlətə məxsus şəkər zavodlarının zəruri texnoloji yatırımların həyata keçirilə bilməməsi və nəticədə bu zavodların yüksək xərc və aşağı məhsuldarlıq göstəriciləri ilə fəaliyyət göstərməsi, həmin zavodların özəl sektora verilməsini gündəmə gətirib.

ABŞ və Avropa Birliyindəki şəkər şirkətlərinin əhəmiyyətli bir hissəsi fermerlərin və işçilərin daxil olduğu kooperativ əsaslı idarəetmə modellərindən istifadə edir.

Hazırda Türkiyədə də vəziyyət bu cürdür.

- Gənclərin hazırda gələcəyimizə verə biləcəyi töhfəni necə dəyərləndirirsiniz?

- Gənclər arasında ciddi dözümsüzlük müşahidə olunur. Sosial təcrid getdikcə geniş yayılır.

Mediadakı gənclik imici əsasən subay, sağlam, dinamik və orta təbəqədən olan tələbələr. Halbuki bu gün Türkiyədə 15-24 yaş aralığındakı gənclərin yalnız üçdə biri tələbələrdən ibarətdir. İşləyən gənclər olduğu kimi, işsiz gənclər də mövcuddur.

Hər bir gənc nəsil əvvəlki nəsildən fərqli xüsusiyyətlər göstərir. Bu fərqliliklərin də cəmiyyətdəki sosial-iqtisadi kateqoriyalarla əlaqəli şəkildə inkişaf etdiyini deyə bilərik.

Sadalayacağım mövzuları əsas hədəf olaraq göstərmək olar:

Gənclərin könüllülük fəaliyyətlərinə qatılmasının artırılması və könüllü olma yolundakı maneələrin aradan qaldırılması.

Gənclərin dezavantajlı şəxslərə yönəlik könüllülük fəaliyyətlərinə iştirakı barədə məlumatlandırılmasının təmin edilməsi.

Gənclərin və qeyri-hökumət təşkilatlarının könüllülük fəaliyyətlərinin dəstəklənməsi, gənclərin qeyri-hökumət təşkilatları və könüllülük barədə məlumatlandırılması.

Milli və beynəlxalq platformalarda gənclərimizin daha aktiv fərdlər kimi iştirakını təmin edəcək təhsil proqramları, mədəniyyətlərarası mübadilə və könüllülük layihələrinin genişləndirilməsi.

Gənclərimizə tariximizin və mədəni irsimizin daha yaxşı tanıdılması.

Gənclərin incəsənət fəaliyyətlərinə qatılımının artırılması.

Gənclərə yönəlik mədəni və incəsənət fəaliyyətlərinin sayı və keyfiyyətinin artırılması.

Milli və ya regional səviyyədə gənclərə yönəlik yayımlanan TV kanallarının keyfiyyət və kəmiyyət baxımından yetərli səviyyəyə çatdırılması.

- Azərbaycan oxucularına sözünüz…

- Əziz azərbaycanlı qardaşlarıma sevgi, hörmət və salamlarımı çatdırıram. Onların sevinci sevincimiz, kədəri kədərimizdir. Biz eyni atanın övladlarıyıq. Qardaşıq...
Yaşasın Türkiyə!
Yaşasın Azərbaycan!
Yaşasın Türk Birliyi!

Nigar Ögeday

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR