Sosial şəbəkələrdə 317 nömrəli məktəbdə müəllimin 1-ci sinif şagirdlərini döydüyü görüntülər yayılıb. Görüntüdə müəllimin 1-ci sinif şagirdlərini təhqir etdiyi, nalayiq sözlər istifadə etdiyi əks olunub. Görüntülərin ötən ilin noyabr ayından olduğu bildirilib. Valideynlər bu barədə şikayət etsələr də, heç bir tədbir görülmədiyini iddia ediblər.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq 317 nömrəli tam orta məktəbdən məlumat verilib.
Məlumatda qeyd olunub ki, ötən ilin noyabr ayında məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib:
"Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub. Məktəb rəhbərliyi tərəfindən müəllimlə söhbət zamanı o etdiyi əməli etiraf edib. Müəllimin izahatı alınıb, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi ona töhmət verilib. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən şagird və valideynlərlə, həmçinin psixoloq tərəfindən şagirdlə söhbət aparılıb. Artıq son iki aydır şagirdlər müəllimləri ilə birlikdə dərslərdə iştirak edirlər, valideynlərdən hər hansı rəsmi şikayət daxil olmayıb".
















