• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Prezidentin parlamentdən verdiyi mesaj: Ölkə qarşısında yeni imkanlar açılır

SİYASƏT

24 Sentyabr 2024 | 13:44

Prezidentin parlamentdən verdiyi mesaj: Ölkə qarşısında yeni imkanlar açılır

“Dünən VII çağırış Milli Məclisinin fəaliyyətə başladığı ilk iclasında prezident İlham Əliyev millət vəkilləri qarşısında çox mükəmməl nitq ilə çıxış etdi. Bu çıxışı əslində Milli Məclisin və millət vəkillərinin qarşıdakı dövr üçün yol xəritəsi adlandırmaq olar”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, dövlət başçısı çıxışında olduqca mühüm mesajlar səsləndirib ki, bu mesajların hər biri ölkəmizin strateji hədəflərini, qarşıda duran prioritet istiqamətləri əhatə edir.

M.İbrahimqızı nəzərə çatdırıb ki, yeni formalaşmış parlamentin işinə uğurlar arzulayan prezident MM-in və deputatların öz işi ilə ölkəmizin hərtərəfli inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

“Bu il prezident və parlament seçkiləri bütün ölkə ərazilərində keçirildi. Dövlətimizin başçısının da bildirdiyi kimi, ikinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Artıq 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyub”.

Deputat qeyd edib ki, prezidentin proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələr təhlil edilib, qiymətləndirili, eyni zamanda ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilib.

Vətən müharibəsində tarixi qələbə və suverenliyimizin tam bərpa olunması və ondan sonra formalaşmış yeni bir reallığın var olduğunu deyən M.İbrahimqızı, yeni situasiyanın məhz ikinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsinin dünya miqyasında tarixi hadisə kimi bu gün daha çox önə çıxdığını söyləyib:

“Təbii ki, bunu şərtləndirən amillər Azərbaycan xalqının birliyi, iradəsi, dövlətin gücü qələbənin əsasını təşkil edib. Başlıca amil sözsüz ki, milli təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Dövlətimizin hərbi gücünün artırılması bu mənada xüsusi önəm kəsb edir. Bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bu sahəyə daim diqqət göstərməyə vadar edir. Ölkəmizin hərbi gücü olmasa, heç bir müstəvidə uğuru təmin etmək mümkün olmaz. Müstəqil Azərbaycan tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Əgər hərbi imkan və gücümüz olmasaydı torpaqlarımızı işğaldan azad edə bilməzdik. Ali Baş Komandanın bu sahəyə diqqət çəkməsi sözsüz ki, qarşıya yeni vəzifələr qoymaqla yanaşı hər kəs üçün də verilmiş bir mesaj kimi səciyyələnir. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində Azərbaycanın öz hərbi gücünü artırması, yeni silahlı birləşmələrin yaradılması, xüsusi təyinatlı qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması, yeni xüsusi təyinatlı qüvvələrin, komanda qüvvələrinin, digər xüsusi təyinatlı silahlı birləşmələrin yaradılması mühüm amil hesab olunur. Həmçinin ölkəmizdə hərbi sənaye kompleksinin gücləndirilməsi vacib önəm kəsb edir. Ermənistanın Fransa və digər Qərb ölkələrinin hərbi yardımı fonunda silahlandırılması kimi faktlar mövcuddur”.

Prezident çıxışında həmçinin ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımların diqqət mərkəzində olduğunu da söyləyib:

“Azərbaycana qarşı ideoloji təxribatlar davam etdiyi qeyd olunub. Sözsüz ki, bu kimi təxribatlara qarşı xalqımızın güclü iradəsi və milli ruhu sayəsində lazımı cavab verildiyi də məlumdur. Bu xüsuda gənc nəslin milli ruhda böyüməsi olduqca önəmli faktordur. Çünki bu günki gənclik Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Müharibədən sonra bu ərazilərin bərpası üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Hazırda bu istiqamətdə işlər yüksək sürətlə davam edir. Məhz bunun nəticəsidir ki, 8 mindən çox keçmiş köçkün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşib. İşğaldan azad edilmiş ərazilərdə məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Mədəni, tarixi irsimizin qorunması üçün əməli praktiki işlər görülür, tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağıdılmış 7 məscid yenidən qurulub, 8-ci məscidin inşası hazırda davam edir. Azərbaycana bu məsələdə bir neçə dost-qardaş ölkə töhfə versə də ölkəmiz bütün işləri öz hesabına edir”.

Müsahibimizə görə, bütün bunlarla yanaşı ölkəmizin iqtisadi inkişaf strategiyası hər zaman diqqət mərkəzindədir və ölkə başçısı da çıxışında qeyd edib ki, 8 ayda iqtisadiyyat 4 faizdən çox artıb, qeyri-neft sektorunda artım 7 faiz olub. Eyni zamanda son beş ildə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını söyləyən dövlət başçısı gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını bildirib ki, bütün bunlar ölkəmizdə həyata keçirilən sosial siyasətin davamlılığını təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişlənməsi amilləri hesabına təmin edilib.

Hazırda Ermənistanla münasibətlərin normallaşması, sülh danışıqları və digər məsələlər istiqamətində müzakirlərin davam etdiyinin də deputatların nəzərinə çatdırıldığını diqqətə çatdıran deputat vurğulayıb ki, sülh təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürülməsinə baxmayaraq hazırda Ermənistan süni şəkildə məsələni uzatmağa çalışır və görünən odur ki, daim havadarlarının diktəsi ilə oturub-duran Ermənistan mümkün qədər sülh prosesini uzatmaqla özünün çirkin niyyətlərini reallaşdıracağına ümid edir.

 

Məlahət İbrahimqızı: Prezidentin çıxışını millət vəkillərinin qarşıdakı dövr üçün yol xəritəsi adlandırmaq olar

M.İbrahimqızı Avropa İttifaqının missiya adı altında Ermənistana göndərmiş olduğu qruplar və digər faktlar bu ölkənin sülh prosesini pozmağa həvəsləndirdiyini, qərbdən gələnlərin binokl diplomatiyasının həyata keçirməsinin isə bunun bariz nümunəsi olduğunu söyləyib. Qeyd edib ki, ona görə də, bu müstəvidə Ermənistanla yanaşı Qərbin ikiüzlülüyü, riyakarlığı daha qabarıq görünür və Azərbaycanın sülhlə bağlı tələbləri konkretdir: Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, konstitusiyasına dəyişiklik edilməli və ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır.

Ölkə başçısının nitqində diqqətçəkən mühüm məqamlardan birinin də Azərbaycanın xarici siyasət prioritetləri olduğunu vurğulayan millət vəkili hətta işğal dövründə Azərbaycanın təbii olaraq xarici siyasətinin əsasən münaqişənin ədalətli həllinə yönəldiyinin qeyd edildiyini deyib.

“Tarixi zəfərdən sonra isə ölkəmizin xarici siyasətində fərqli istiqamətlər mövcuddur. Bu müstəqil, prinsipial, xarici siyasətin əsas istiqamətləri hesab edilir. Sözsüz ki, Azərbaycan ikitərəfli formatda qarşılıqlı hörmət əsasında istənilən ölkə ilə əməkdaşlığa hazırdır. Bu mənada ölkəmiz diktə yolunu, ittiham, qaralama metodlarını heç vaxt qəbul etməyəcək və buna qarşı özünün bütün imkanları ilə layiqli formada mübarizə aparacaq. Azərbaycan ləyaqətli, qürurlu dövlət kimi tarixi zəfərdən sonra beynəlxalq nüfuzu daha da güclənib. Ölkəmiz bir çox məsələlərə görə artıq beynəlxalq ictimaiyyətin dəstəyini qazanmış ən etibarlı tərəfdaşdır. Bunun bariz nümunəsi COP29-un Azərbaycanda keçirilməsidir. Məhz 200-ə yaxın ölkə tərəfindən qəbul edilmiş bu tarixi qərar Azərbaycanın beynəlxalq nüfuzunun, hörmətinin göstəricisidir. Bu gün ölkəmizin bütün qitələrdə dostlarının sayı artır. Azərbaycanın vaxtilə mövcud olmadığı bölgələrlə ciddi təmaslar qurulur. Həmçinin ölkəmiz ənənəvi tərəfdaşlarla, dostlarla münasibətlərini uğurla davam etdirir. Bütün bu uğurlara isə Azərbaycan Ulu Öndər Heydər Əliyevin strategiyası və prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində nail olub”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026