• Bakı 27° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Milli Mətbuat - 150: Tarixdən dərs, sabaha yol - MÜSAHİBƏ

MÜSAHİBƏ

21 Iyul 2025 | 14:56

Milli Mətbuat - 150: Tarixdən dərs, sabaha yol - MÜSAHİBƏ

150 il… Bir xalqın söz tarixində az müddət deyil. Bu 150 ilin içində qaranlığa işıq yandıran qələmlər, sükuta səs verən qəzetlər, xalqı oyadan, düşüncəni yönəldən söz adamları var.

Həsən bəy Zərdabi ilə başlanan bu mətbuat yürüşü bu gün bir epoxanın tamamlanması, yeni bir çağın başlanğıcı ilə yadda qalır. Milli mətbuatımız 150 ilin ağır yükünü çiynində daşıya-daşıya bu gün yeni çağırışlarla üz-üzədir.

Bu yolun əbədiləşən cığırçılarından biri də Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor, tanınmış jurnalistCahangir Məmmədlidir. Onun qələmindən süzülən hər fikir, auditoriyada səslənən hər kəlmə təkcə dərs yox, bir məktəb, bir mədəniyyət, bir milli ruh daşıyıcısıdır. Cahangir Məmmədli yalnız müəllim yox, zamanla yarışan, nəsillərə istiqamət verən, klassiklə müasirliyi qovuşduran bir fikir adamıdır.

Azərbaycan mətbuatının 150 illiyi münasibətilə onunla bu günün jurnalistikasını, keçmişin izlərini və sabahın ehtimallarını danışdıq. Cahangir Məmmədlinin baxış bucağında jurnalistika yalnız peşə deyil - bir vətəndaşlıq missiyası, milli təfəkkürün aynasıdır.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Cahangir müəllim, Azərbaycan mətbuatının 150 illik yolu maarifçiliklə başlandı. Bunu siz necə dəyərləndirirsiniz? "Əkinçi"nin yola çıxışında hansı tarixi və milli zərurətlər var idi?

- XIX əsrin ikinci yarısında Azərbaycanın ictimai-mədəni həyatı yeni bir mərhələyə qədəm qoymuşdu. O dövrdə milli kimlik formalaşmaqda idi və bu prosesin əsas hərəkətverici qüvvəsi maarifçilik idi. Mətbuat da məhz bu ideoloji-siyasi tələbatdan doğdu. Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti sadəcə informativ mənbə deyil, həm də maarifçilik ideyalarının daşıyıcısı idi. Zərdabi yaxşı anlayırdı ki, xalqın inkişafı, ictimai şüurun formalaşması və yeni dövrə inteqrasiyası üçün yazılı söz, xüsusilə qəzet nəşri vacibdir. O, Mirzə Fətəli Axundovla birgə teatr sahəsində fəaliyyət göstərsə də, nəticədə qəzetin daha təsirli bir vasitə olduğunu görərək bu yola üstünlük verdi. “Əkinçi” qəzeti milli mətbuatımızın bünövrəsini qoymaqla yanaşı, maarifçilik hərəkatının sistemli şəkildə yayılmasına xidmət etdi. Bu, təkcə bir qəzetin deyil, yeni bir ictimai institutun yaranması idi.

- Azərbaycan mətbuatı çoxsaylı tarixi mərhələlərdən keçdi: çar senzurası, repressiyalar, Cümhuriyyət, sovet dönəmi... Bu dövrlər maarifçilik xəttinə necə təsir etdi?

- Hər tarixi dövr öz reallıqlarını diktə edib və bu reallıqlar jurnalistikaya birbaşa təsir göstərib. Çar Rusiyası dövründə senzura şəraitində fəaliyyət göstərən qəzetlər məhdud imkanlarla olsa da, maarifçilik funksiyasını yerinə yetirməyə çalışırdı. Cümhuriyyət dövründə isə mətbuat azadlığı hüquqi və institusional baxımdan öz təsdiqini tapdı. Qısa müddətli olsa da, bu dövr mətbuat tariximizdə peşəkarlığın, milli təfəkkürün və azad sözün inkişafı baxımından mühüm mərhələ oldu.

Sovet dövründə isə ideoloji çərçivə mətbuatın fəaliyyət istiqamətlərini məhdudlaşdırsa da, müəyyən maarifçilik xətti saxlanılırdı. Xüsusilə Xruşşovun islahat dövründə mətbuatda nisbətən liberal mövzulara toxunmaq mümkün oldu, lakin bu islahatlar davamlı olmadı. 1969-cu ildən etibarən Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə mətbuatın institusional inkişafında yeni bir mərhələ başladı. Mətbuat orqanlarının texniki imkanları yaxşılaşdırıldı, peşəkar jurnalist kadrların hazırlanmasına xüsusi önəm verildi. Həmin dövrdə jurnalistikanın həm ideoloji, həm də maarifçi funksiyası paralel şəkildə həyata keçirilirdi.

- Sovetlər dağıldıqdan sonra Qərb jurnalistikasına üz tutduq. Bu keçid bizim üçün nə verdi, nə aldı?

- 1990-cı illər Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərin baş verdiyi dövr oldu. Sovet sistemindən çıxan cəmiyyətin media mühiti də ciddi transformasiyaya uğradı. Bu dövrdə Qərb jurnalistikasının prinsipləri - obyektivlik, qərəzsizlik, faktlara əsaslanmaq, araşdırma jurnalistikası kimi anlayışlar ölkəmizdə jurnalistika tədrisinə və praktikasına daxil edildi. Bu, həm müsbət, həm də tənzimlənməmiş tərəflərə malik idi.

Bir tərəfdən, media peşəkarlıq baxımından inkişaf etdi, digər tərəfdən isə Qərb modelinin tam uyğunlaşdırılmadan tətbiqi nəticəsində jurnalistikada kommersiyalaşma, senzura boşluğu, etik prinsiplərin pozulması kimi problemlər də ortaya çıxdı. Bununla yanaşı, Azərbaycan jurnalistikasının milli xüsusiyyətləri - ədəbi dil, klassik publisistika irsi, milli təfəkkür tərzi müəyyən qədər arxa plana keçdi. Halbuki Mirzə Cəlil, Üzeyir bəy, Yusif Vəzir kimi klassiklərimizin publisistikası jurnalistikanı təkcə peşə yox, həm də mənəvi məsuliyyət sahəsi kimi təqdim edirdi. Elçin Əfəndiyev və Anarın klassik publisistika haqqında məqalələri bu baxımdan xüsusi önəm daşıyır.

- Sabah milli mətbuatımızın 150 yaşı tamam olur. Bu tarixi günə sizin baxışınız necədir? Gənc qələm sahibləri üçün bu tarix nə deyir?

- 150 illik yubiley təkcə simvolik deyil, həm də strateji əhəmiyyət daşıyan tarixdir. Azərbaycan mətbuatı bu müddət ərzində təkcə informasiya ötürən mexanizm olmayıb, eyni zamanda cəmiyyətin formalaşmasında, milli kimliyin qorunmasında və vətəndaş düşüncəsinin inkişafında mühüm rol oynayıb. Bu baxımdan, keçilən yol həm təcrübə, həm də məsuliyyət deməkdir.

Gənc jurnalistlər bu tarixi düzgün oxumalı və ondan nəticə çıxarmalıdırlar. Xüsusilə Prezident İlham Əliyevin bu günlərdə Şuşada keçirilən Qlobal Media Forumundakı çıxışı bu kontekstdə mühüm siqnal idi. Cənab Prezident orada medianın cəmiyyətə məsuliyyətli yanaşmasını, peşəkarlıq və obyektivlik prinsiplərini, dövlətçilik maraqlarının nəzərə alınmasını açıq şəkildə vurğuladı. Demək, medianın gələcəyi bu prinsiplərin əsasında qurulmalıdır. 150 illik təcrübə bizə göstərir ki, peşəkar, prinsipial jurnalistika cəmiyyətin inkişafı üçün əsas amillərdən biridir.

Əli Hüseynov


SON XƏBƏRLƏR