2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Muradov Rafiq Tofiq oğlu, Soltanov Heybət Bağır oğlu, Eminov İntiqam Xanbala oğlu, Rəhimli kənd sakini Meşəbəyov Ramiz Rza oğlu və digərləri 2025-ci il fevralın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyası sədrinin hərəkətlərini mübahisələndirib, 19, 24, 52 və 53 saylı seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş ediblər.
Bakıvaxtı.az MSK-ya istinadən xəbər verir ki, müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılıb.
Araşdırma ilə bağlı müraciət etmiş şəxslərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, qeydə alınmış namizədlər R.T.Muradov və H.B.Soltanovun araşdırmada iştirakı təmin olunub. Müvafiq qaydada xəbərdar edilsələr də, Komissiyanın iclasına gəlməyiblər.
R.T.Muradov, H.B.Soltanov, İ.X.Eminov və digərləri müraciətlərində 56 saylı Şabran–Xaçmaz seçki dairəsi dairə seçki komissiyası sədrinin həmin seçki dairəsi üzrə Rəhimli bələdiyyəsinə seçki keçirən məntəqə seçki komissiyalarının formalaşdırılması zamanı qanun pozuntularına və digər qanunazidd hərəkətlərə yol verdiyini, eləcə də seçki günü seçki məntəqələrində müşahidə aparılması zamanı onlara maneələr yaradıldığını, səsvermə günü bir şəxsin iki seçki məntəqəsində səs verdiyini, seçki qutularına birdən artıq bülleten atıldığını, səslər sayılan və protokol tərtib edilən zaman onların müşahidə aparmasına imkan verilmədiyini, tələb etsələr də tərtib olunmuş protokolların təsdiq olunmuş surətinin onlara təqdim edilmədiyini və digər qanun pozuntularının olduğunu iddia edərək 19, 24, 52 və 53 saylı seçki məntəqələri üzrə seçkilərin nəticələrini mübahisələndirmiş və həmin seçki dairəsi üzrə Rəhimli bələdiyyəsinə seçki keçirilən 19, 52 və 53 saylı seçki məntəqələri üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını tələb ediblər.
Rəhimli kənd sakini Meşəbəyov Ramiz Rza oğlu müraciət edərək 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına etdiyi şikayətindən imtina etdiyi üçün ona münasibətdə araşdırmaya xitam verilməlidir.
Müraciətdə 56 saylı Şabran–Xaçmaz seçki dairəsi dairə seçki komissiyası sədrinin həmin seçki dairəsi üzrə Rəhimli bələdiyyəsinə seçki keçirilən məntəqə seçki komissiyalarının formalaşdırılması zamanı qanun pozuntularına və digər qanunazidd hərəkətlərə yol verdiyi iddia edilsə də, aparılmış araşdırma ilə həmin seçki məntəqələri məntəqə seçki komissiyalarının formalaşdırılması prosesində qeyd edilən seçki dairəsinin dairə seçki komissiyası tərəfindən seçki qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Belə ki, 56 saylı Şabran–Xaçmaz seçki dairəsi üzrə 65 məntəqə seçki komissiyasının, o cümlədən göstərilən bələdiyyəyə seçki keçirilən 4 məntəqə seçki komissiyasının seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq formalaşdırılması müraciətin həmin hissədə əsassız olmasını göstərən hal kimi qiymətləndirilməlidir.
Araşdırmada iştirak edən namizədlər R.T.Muradov və H.B.Soltanov səsvermə günü 56 saylı Şabran–Xaçmaz seçki dairəsinin Rəhimli bələdiyyəsinə seçki keçirilən seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları ilə əlaqədar bir ədəd DVD disk, həmçinin 19, 24, 52 və 53 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokollarının surətlərini araşdırmaya təqdim ediblər.
Təqdim edilmiş DVD diskdə olan 5 videogörüntüyə namizədlərin iştirakı ilə baxış keçirilib və 24 saylı seçki məntəqəsində çəkilməsi iddia olunan həmin videogörüntülərdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müşahidə olunmayıb.
Müraciətə əlavə olunmuş 4 ədəd protokol surətinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 24, 52 və 53 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının səsvermənin nəticələri haqqında protokollarının surətləri seçki qanunvericiliyinə uyğun olaraq tərtib edilib, müvafiq məntəqə seçki komissiyasının möhürü ilə təsdiq olunsa da, 19 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunun surəti seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təsdiq olunmadığından araşdırma obyekti olmayıb.
Dairə seçki komissiyasından Rəhimli bələdiyyəsinə səsvermə keçirilən seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında 24, 52 və 53 saylı məntəqə seçki komissiyalarının rəsmi protokolları alınaraq həmin seçki məntəqələrində təsdiq edilərək müraciət etmiş namizədlərə və seçilməyən digər namizədlərə təqdim edilmiş protokolların surətləri ilə müqayisəli şəkildə araşdırılıb. Müqayisəli təhlil zamanı seçilməyən digər namizədlər tərəfindən araşdırmaya təqdim edilmiş protokol surətlərindəki məlumatlar məntəqə seçki komissiyalarının rəsmi protokollarındakı məlumatlarla tam eynilik təşkil etsə də, müraciət etmiş namizədlər tərəfindən araşdırmaya təqdim edilmiş protokollarda bəzi namizədlərə verilən səslərdə uyğunsuzluqlar müəyyən edilib.
Belə ki, müraciət etmiş namizədlər tərəfindən təqdim edilmiş 24, 52 və 53 saylı məntəqə seçki komissiyalarının protokollarının surətlərində bəzi namizədlərin topladığı səsləri əks etdirən rəqəmlərin sonradan dəyişdirilərək artırılması ehtimalı yaranıb.
Araşdırma zamanı səsvermənin nəticələri mübahisələndirilən seçki komissiyalarının sədrləri və üzvləri, həmçinin həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, seçilməyən digər qeydə alınmış namizədlər tərəfindən verilmiş izahatlarla səsvermə günü mübahisələndirilən seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntularının baş verməsi öz təsdiqini tapmayıb. Buna görə də 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsinə səsvermə keçirilən seçki məntəqələrinə münasibətdə müraciətin təmin edilməsi üçün hüquqi əsaslar yaranmayıb.
Şikayətçilər tərəfindən araşdırmaya təqdim edilmiş Seçki Məcəlləsinin 100.11-ci maddəsində nəzərdə tutulmuş qaydada məntəqə seçki komissiyası tərəfindən seçki subyektlərinə təqdim olunmuş səsvermənin nəticələri haqqında protokolun təsdiq olunmuş surətlərində bəzi namizədlərin topladığı səsləri əks etdirən rəqəmlərin dəyişdirilərək artırılması hallarının mövcud olmasına əsaslı ehtimallar yarandığından, Seçki Məcəlləsinin 112-1.6.4-cü və 112-1.6.5-ci maddələrinə əsasən, ehtimal olunan qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün şikayətə əlavə edilmiş protokol surətlərinin Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq prokurorluq orqanına göndərilməsinə zərurət yarandığından həmin protokol surətləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir.
Aparılmış araşdırma ilə 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsinə qeydə alınmış namizədlər R.T.Muradov, H.B.Soltanov, İ.X.Eminov və digərlərinin 5 fevral 2025-ci il tarixli 32 saylı müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 100.11-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran–Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Muradov Rafiq Tofiq oğlu, Soltanov Heybət Bağır oğlu, Eminov İntiqam Xanbala oğlu və digərlərinin 5 fevral 2025-ci il tarixli 32 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Müraciət etmiş şəxslər tərəfindən araşdırmaya təqdim edilmiş 56 saylı Şabran–Xaçmaz seçki dairəsinin Rəhimli bələdiyyəsinə seçkilər keçirilən 24, 52 və 53 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların təsdiq edilmiş surətləri araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin.
3. Rəhimli kənd sakini Meşəbəyov Ramiz Rza oğlu şikayətindən imtina etdiyi üçün həmin müraciət üzrə araşdırmaya xitam verilsin.
4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Qərarı MSK-nın sədri Məzahir Pənahov və katiblər - Arifə Muxtarova və Mikayıl Rəhimov imzalayıblar.