Bu gün Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsidir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu çərşənbə külək və havanın oyanışını, təbiətin canlanmasını, baharın gəlişini müjdələyən mühüm gündür.
Tarixən Yel çərşənbəsi ilə bağlı xalq arasında müxtəlif inanclar və ayinlər formalaşıb ki, bunların kökləri qədim türklərin təbiət kultuna, dörd ünsür anlayışına əsaslanır. Xalq inancına görə, torpaq çərşənbəsində yer oyanır, su çərşənbəsində su tərpənir, Yel çərşənbəsində isə külək əsir və həyatı canlandırır:
Bu gün havanın, küləyin oyanması ilə bərabər, insanlar Novruzun yaxınlaşmasını daha aydın hiss edir və bolluq-bərəkət üçün dualar edirlər. Ənənəvi olaraq, Yel çərşənbəsində küləklə bağlı maraqlı inanclar var. İnanclara görə, bu gün əsən külək ötən ilin pis hadisələrini özü ilə aparır və yeni ilin bərəkətini gətirir. Xalq arasında belə bir ifadə var: "Yel çərşənbəsində əsən külək nə tərəfə əsərsə, həmin il o tərəfdən xeyir-bərəkət, bolluq gələr". Bu günə xas olan ayinlərdən biri də tonqal qalamaqdır. İnsanlar külək vasitəsilə tonqalın alovunun daha da yüksələcəyinə və bunun bərəkət gətirəcəyinə inanırlar.
Həmçinin, qapı pusmaq, fal açmaq kimi Novruz ənənələri də bu gün icra olunur. Qədimdən bəri Yel çərşənbəsi günü dualar oxunur, küləyə üz tutulur və arzulanan diləklər səsləndirilir. Küləyin bu diləkləri göylərə aparacağı və Tanrıya çatdıracağı düşünülür. Bir sıra bölgələrdə bu gün hava açıq və küləkli olarsa, həmin ilin məhsuldar keçəcəyinə inanılır. Xalq arasında "yel aparan dərd gətirməz" deyimi də var ki, bu da Yel çərşənbəsinin təmizləyici və uğur gətirən mahiyyətini vurğulayır.
Yel çərşənbəsinin yeməkləri arasında əsasən un məmulatları, qovrulmuş yeməklər, küləkdə tez bişən xörəklər üstünlük təşkil edir. Bu çərşənbədə süfrədə plov, qovurğa, şəkərbura və paxlava kimi şirniyyatların olması adətdir.
Bütün çərşənbələrdə olduğu kimi, Yel çərşənbəsində də insanlar bir-birini ziyarət edir, evlərdə mehribanlıq və bərəkət rəmzi olan süfrələr açılır. Bu, insanların birliyini və qohumluq bağlarını möhkəmləndirən ənənələrdən biridir. Yel çərşənbəsi təkcə təbiətin oyanışı deyil, həm də mənəvi saflığın, ruhi rahatlığın rəmzidir.
Bu gün əsən külək sanki insan ruhunu təmizləyir, ona yeni ümid və enerji bəxş edir. Azərbaycan xalqı min illərdir bu ənənəni yaşadır və gələcək nəsillərə ötürür. Beləliklə, Yel çərşənbəsi həm Novruz bayramının mühüm hissəsi, həm də xalqımızın təbiətlə olan sıx bağlılığını, inanclarını və zəngin mənəvi dünyasını əks etdirən dəyərli bir mədəni irsdir.
Külək, yellə bağlı atalar sözləri:
Yel olmasa, sel olmaz.
Yel gətirər, gün qurudar.
Kələklə gələn, küləklə gedər.
Yel üfürüb şişirtdiyini göyə qaldırar.
Külək əsməyincə yarpaq tərpənməz.
Yel qayadan nə aparar?
Yel apardığını qaytarmaz.
Külək, yellə bağlı inanclar:
Taxıl sovrulanda yel əsib işə mane olsa, ələyin, ya da xəlbirin üstünü bərk-bərk bağlayarlar, onda yel asta əsər.
Yel baba xırmana gəlməmişdən qabaq ordan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.
Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
Qeyd edək ki, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Yel çərşənbəniz mübarək!
Nuriyyə Musayeva