• Bakı C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.8412

    RUB - 1.8889

Sahibə Qafarova gürcü həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib

SİYASƏT

10 Mart 2025 | 18:30

Sahibə Qafarova gürcü həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində martın 10-da bu ölkə parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Şalva Papuaşvili, bu səfərin Gürcüstanda keçirilən parlament seçkilərindən və yeni çağırış parlamentin fəaliyyətə başlamasından sonra qanunvericilik orqanının rəhbəri səviyyəsində ilk rəsmi səfər olduğunu bildirib. O, bunu ölkələrimiz arasında yüksək səviyyəli dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirib.

Şalva Papuaşvili Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, deyib ki, intensiv səfərlər və sıx qarşılıqlı təmaslar münasibətlərin daha da genişlənməsini şərtləndirib. O, ölkəmizin Gürcüstana verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Gürcüstan parlamentinə keçirilən seçkilər və yenidən parlamentin spikeri seçilməsi münasibətilə təbriklərini çatdırıb. O, bu səfərin Milli Məclisin sədri kimi Gürcüstana ikinci rəsmi səfəri olduğunu bildirib və keçirilən görüşlərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Azərbaycan və Gürcüstanın dost və tərəfdaş ölkələr olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu dostluq münasibətləri ilk növbədə xalqlarımızın iradəsindən qaynaqlanır. Xalqlarımız əsrlər boyu bir yerdə olub, dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar.

Spikerin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanla Gürcüstan arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. 

Qeyd olunub ki, Azərbaycan-Gürcüstan dostluğu və strateji tərəfdaşlığı böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Bu layihələr xalqlarımızın mənafelərinə xidmət edib, Cənubi Qafqazın sabitliyinə, inkişafına töhfə verib. Eyni zamanda, daha geniş regionda – Avrasiya məkanında mühüm amilə çevrilib və yeni imkanlar yaradıb. 

Söhbət zamanı ölkələrimizin və xalqlarımızın bir-birinə qarşılıqlı dəstəyi və həmrəyliyi də xüsusi qeyd edilib. O cümlədən, ərazi bütövlüyü, suverenlik məsələlərinə münasibətdə tərəflərin birmənalı mövqe ortaya qoyduğu vurğulanıb.

Görüşdə dost və qonşu ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, parlamentlərarası əlaqələr Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biridir və bu gün qanunvericilik orqanlarımız arasında həqiqətən çox səmərəli əməkdaşlıq qurulub. Dostluq qrupları ilə yanaşı, parlament komitələri arasında da əməkdaşlıq baxımından yaxşı təcrübələr mövcuddur. Söhbət zamanı Azərbaycan və Gürcüstan parlamentarilərinin  beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstəyinin və birgə fəaliyyətinin əhəmiyyəti qeyd olunub. 

Söhbət zamanı, həmçinin regionda vəziyyət, sülh və sabitliyin təmin olunmasının vacibliyi ilə bağlı da fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova, həmçinin beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların, ölkələrə qarşı qərəzli, ədalətsiz yanaşmaların yolverilməz olduğu ilə bağlı fikirlərini səsləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Xatirə kitabını imzalayıb.


SON XƏBƏRLƏR