Martın 9-da Şimali Makedoniya Respublikasının daxili işlər naziri Pançe Toşkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, nazir Pançe Toşkovski və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov şimali makedoniyalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
V.Eyvazov, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Görüşdə kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın istiqamətləri, təcrübə mübadiləsi və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
P.Toşkovski rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı genişləndirməkdə, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə olunan qabaqcıl təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin, “102” və “Təhlükəsiz şəhər” xidmətlərinin fəaliyyəti ilə tanış olublar.