Mələyin durumu müsbətə doğru gedir, yaraları sağalır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "Azərbaycan Uşaqlar Birliyi"nin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə uşağın özünün psixoloji durumu ilə bağlı gözləntilər bu tezlikdə özünü doğrultmayacaq.
"Artıq gecə yuxuları, qarabasmalar, qışqırıb oyanmalar başlayıb. Gün ərzində daxili sakitlik baş versə də, gecə yenə də narahatlıqlar olur.
Artıq bu həftədən həm psixiatra, həm də nəfəs almasında çətinliklər olduğundan burun-boğaz həkiminə gedəcək", - deyə o əlavə edib.
O həmçinin bu gün qan testlərinin veriləcəyini bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb. Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının yaydığı məlumatda isə bildirilib ki, anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.
2002 ci il təvəllüdlü Fatma Ramazanova isə həbs edilib.