Təhsil cəmiyyətin inkişafında və fərdlərin gələcək imkanlarını formalaşdırmaqda əsas rol oynayan amildir.
Lakin sosial-iqtisadi vəziyyəti zəif olan ailələrdən olan şagirdlər üçün keyfiyyətli təhsil resurslarına çıxış məhdud olur, bu da nəticədə sosial bərabərsizliyin dərinləşməsinə səbəb olur.
Məktəb avadanlıqları, dərs vəsaitləri, əlavə tədris proqramları və texnologiyaya çıxış kimi imkanların məhdudluğu bu şagirdlərin təhsil uğurlarını məhdudlaşdırır və onların gələcəkdə iş və sosial imkanlarını zəiflədir.
Bu səbəbdən təhsil bərabərsizliyini azaltmaq məqsədilə hazırlanmış sosial proqramlar, həm fərdi, həm də icma səviyyəsində dəstək verərək şagirdlərin bərabər imkanlarla təhsil almasını təmin edə bilər.
Effektiv sosial proqramların seçimi və tətbiqi, yalnız maddi yardım deyil, həm də təlim, mentorluq və icma dəstəyi kimi çoxölçülü yanaşmaların birləşdirilməsini tələb edir.
Təhsil bərabərsizliyini azaltmaq üçün hansı sosial proqramlar daha effektiv ola bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi deyib ki, hər bir şəxsin müvafiq olaraq dövlət sifarişi əsasında təhsil alması təmin edilməlidir:
"Təhsil hüququ sosial statusdan, maddi imkanlardan və yaşadığı bölgədən asılı olmamalıdır. Dövlət sifarişli təhsilin genişləndirilməsi cəmiyyətdə sosial ədaləti gücləndirər, istedadlı gənclərin potensialının reallaşmasına imkan yaradar və ümumi insan kapitalının inkişafına xidmət edər".
Onun sözlərinə görə, bundan əlavə, təhsil müəssisələrində vahid geyim formasının tətbiqi məqsədəuyğun hesab olunur:
"Vahid forma şagird və tələbələr arasında sosial fərqlərin vizual şəkildə qabardılmasının qarşısını alar, kollektiv ruhu gücləndirər və nizam-intizamın formalaşmasına müsbət təsir göstərər. Eyni zamanda, müəllim heyəti üçün də müəyyən edilmiş peşəkar geyim standartlarının tətbiqi təhsil mühitində rəsmi və akademik atmosferin qorunmasına töhfə verə bilər".

Elçin Əfəndi: Bu rəqabət həm tələbələr, həm də professor-müəllim heyəti arasında keyfiyyətin yüksəldilməsinə xidmət etməlidir
Həmsöhbətimiz qeyd edib ki, təhsil müəssisələrində sağlam rəqabət mühiti yaradılmalıdır.:
"Bu rəqabət həm tələbələr, həm də professor-müəllim heyəti arasında keyfiyyətin yüksəldilməsinə xidmət etməlidir. Şəffaf qiymətləndirmə sistemi, obyektiv meyarlar və nailiyyətlərin stimullaşdırılması təhsilin səviyyəsini artıran əsas amillərdəndir. Qəbul imtahanlarında eyni bal toplayan bütün şəxslər bərabər və keyfiyyətli təhsil almaq imkanına malik olmalıdırlar. Qəbul və yerləşdirmə prosesində ədalətlilik prinsipi əsas götürülməli, region və ya digər fərqlərə görə ayrı-seçkiliyə yol verilməməlidir. Bu yanaşma cəmiyyətdə bərabərlik hissini möhkəmləndirər və sosial gərginliyin azalmasına kömək edər".
Elçin Əfəndi onu da əlavə edib ki, bütün ali və orta ixtisas təhsil müəssisələrində professor-müəllim heyətinin peşəkarlıq səviyyəsi, elmi potensialı və maddi-texniki təminatı mümkün qədər bərabər və yüksək standartlara uyğun olmalıdır:
"Laboratoriyalar, kitabxanalar, informasiya texnologiyaları infrastrukturu və digər resurslar baxımından fərqlər minimuma endirilməlidir. Təhsildə keyfiyyət fərqi deyil, vahid yüksək standart əsas prinsip olmalıdır. Təhsil sistemində dövlət dəstəyi, bərabərlik, vahid standartlar və sağlam rəqabət prinsipləri paralel şəkildə tətbiq olunduğu halda daha ədalətli, keyfiyyətli və davamlı inkişaf edən bir mühit formalaşar".
Əli Hüseynov
Bakı 




