Fransada son günlər yaşanan kütləvi etirazlar Makron hakimiyyətinin uzun illərdir xarici siyasətdə ön plana çıxardığı demokratiya və insan hüquqları ritorikasını yenidən müzakirəyə açıb.
Tələbələrin, məktəblilərin, müəllimlərin və müxtəlif sosial qrupların küçələrə çıxması artıq yalnız təhsil sistemindəki problemlərlə izah edilə bilməz. Etirazların miqyası Fransa cəmiyyətində daha geniş sosial və siyasi narazılığın toplandığını göstərir. Hakimiyyətin buna sərt polis müdaxiləsi ilə cavab verməsi isə problemin başqa tərəfini üzə çıxarır:
Paris başqa ölkələrdən tələb etdiyi demokratik standartları öz daxilində nə dərəcədə qoruyur?
Məsələnin ən həssas tərəfi etiraz aksiyalarında yeniyetmələrin də polis müdaxiləsindən zərər görməsidir. Məktəblilərin ağır xəsarət alması, çoxsaylı saxlanmalar və nümayişçilərlə hüquq-mühafizə orqanları arasında qarşıdurmalar demokratik Avropa dövlətinin adi küçə görüntüləri kimi qəbul edilə bilməz. Dövlətin ictimai asayişi qorumaq hüququ var, lakin bu hüquq tətbiq edilən gücün zəruri və mütənasib olması prinsipini aradan qaldırmır. Xüsusilə yetkinlik yaşına çatmayanların iştirak etdiyi aksiyalarda polis müdaxiləsinin nəticələri hakimiyyətin məsuliyyətini daha da artırır.
.jpg)
Əslində Fransa üçün bu müzakirə yeni deyil. “Sarı jiletlilər” hərəkatından başlayaraq müxtəlif sosial etirazlarda polis zorakılığı, nümayişçilərin yaralanması və jurnalistlərin fəaliyyətinə maneələr dəfələrlə gündəmə gəlib. Buna görə bugünkü hadisələri təsadüfi və lokal insidentlər kimi təqdim etmək çətindir. Fransa cəmiyyətində sosial narazılığın artması ilə dövlətin təhlükəsizlik yanaşmasının sərtləşməsi paralel gedirsə, artıq söhbət ayrı-ayrı polis əməkdaşlarının davranışından deyil, daha geniş institusional problemdən gedir. Makron hakimiyyəti üçün əsas məsələ küçələri nə qədər sürətlə nəzarətə almaq deyil, bu qədər insanı küçəyə çıxaran səbəbləri aradan qaldırmaq olmalıdır.
Bütün bunların fonunda Parisin beynəlxalq platformalarda başqa ölkələrə insan hüquqları və demokratiya ilə bağlı sərt tələblər irəli sürməsi təbii olaraq ikili standart müzakirəsini gücləndirir. Fransa Azərbaycanda baş verən hüquqi proseslərə münasibətdə çox zaman prosesin yekununu gözləmədən siyasi mövqe ortaya qoyur. Amma eyni həssaslıq Fransa küçələrində polis müdaxiləsi, saxlanmalar və nümayişçilərin xəsarət alması məsələsində nümayiş etdirilmirsə, insan hüquqları ritorikasının universallığı sual altına düşür. İnsan hüquqları coğrafiyaya görə dəyişən anlayış deyil: Parisdə etiraz etmək hüquqdursa, başqa ölkələrdə də hüquqdur; dövlətin qanunu və ictimai təhlükəsizliyi qorumaq səlahiyyəti Azərbaycanda qəbul edilirsə, Fransada da eyni hüquqi meyarlarla qiymətləndirilməlidir.
.jpg)
Fransanın Azərbaycana münasibətini yalnız demokratiya və insan hüquqları məsələsi ilə izah etmək də reallığı tam əks etdirmir. Burada Cənubi Qafqazdakı geosiyasi maraqlar, Ermənistanla xüsusi münasibətlər və Parisin regionda siyasi təsir imkanlarını genişləndirmək cəhdləri də nəzərə alınmalıdır. Üstəlik, Afrikanın bir sıra ölkələrində Fransanın təsir imkanlarının zəifləməsi Parisin xarici siyasətinin əvvəlki modellərinin ciddi müqavimətlə qarşılaşdığını göstərir. Müstəqil siyasət yürüdən və qərarlarını xarici mərkəzlərin diktəsi ilə müəyyənləşdirməyən dövlətlərlə münasibətlərdə köhnə siyasi yanaşmanın davam etdirilməsi Fransanın öz nüfuzuna da zərbə vurur.
Makron hakimiyyətinin qarşısındakı əsas ziddiyyət də məhz budur: bir tərəfdən Fransa özünü dünyada demokratik dəyərlərin müdafiəçilərindən biri kimi təqdim edir, digər tərəfdən həmin dəyərlərin tətbiqi məsələsində öz daxilində ciddi suallarla üzləşir. Paris küçələrində etirazçıların polis zorakılığı ilə qarşılaşdığı bir vaxtda başqa dövlətlərə “insanlıq dərsi” keçmək siyasi baxımdan inandırıcı görünmür. Demokratiyanın gücü başqalarını ittiham etməkdə deyil, eyni standartı ilk növbədə özünə tətbiq etməkdədir. Fransa beynəlxalq platformalarda insan hüquqlarından danışmaq istəyirsə, əvvəlcə öz küçələrində etiraz hüququnun, jurnalist fəaliyyətinin və vətəndaş azadlıqlarının necə qorunduğuna dair suallara cavab verməlidir. Əks halda insan hüquqları universal prinsipdən daha çox, siyasi maraqlara uyğun istifadə olunan xarici siyasət aləti təsiri bağışlamağa davam edəcək.
Züriyə Qarayeva
















