• Bakı 20° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Partiyalar İlham Əliyevi təbrik edir - YENİLƏNİB

SİYASƏT

08 Fevral 2024 | 14:57 | Müəllif: Qalib İbrahimoğlu

Partiyalar İlham Əliyevi təbrik edir - YENİLƏNİB

İlkin nəticələrə görə, Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində qalib olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik ediblər.

Müstəqil Azərbaycanın siyasi tarixində ən böyük seçki təcrübəsinə malik olan Vətəndaş Həmrəyliyi Partiyası ölkəmizdə keçirilən bütün seçki və referendumlarda həm namizəd, həm də müşahidəçilərlə aktiv şəkildə təmsil olunub.

Bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatında qeyd olunub.

Bildirilib ki, 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası öncədən Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini açıq şəkildə bildirib.

"Bu mövqeyinə sona qədər sadiq qalan Vətəndaş Həmrəyliyi Partiyası seçki prosesini diqqətlə izləmiş və seçki günü yüzlərlə seçki məntəqəsində öz müşahidəçiləri vasitəsilə səsverməni canlı müşahidə edib. Seçki öncəsi təbliğat və təşviqat işlərində namizədlər üçün yaradılmış bərabərhüquqlu imkan və şərait, onların mətbuata rahat çıxışının təmin olunması, əhali ilə görüşlərinə geniş imkanlar yaradılması seçkilərin demokratik ruhda keçiriləcəyinin ilkin əlamətləri olub. Seçki günü həm canlı şəkildə məntəqə və dairələrdə müşahidələr aparılıb, həm də yüzlərlə seçki məntqəsində quraşdırılan kameralar vasitəsilə proses canlı izlənib.

Birmənalı şəkildə bəyan edirik ki, seçki prosesi boyu və səsvermə günü hansısa qanunsuz hal və pozuculuq fəaliyyəti tərəfimizdən müşahidə edilməyib. Seçkilərdə əhalinin rahat və dinc şəkildə səsverməsi təşkil edilmiş, onların seçiminə təsir göstərilməyib, seçki günü məntəqələrin ətrafında heç bir təbliğat işləri aparılmayıb. Seçkinin ilkin nəticələrini elan edən ekzitpolların mövqeyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən düzgün və məntiqi dəyərləndirilib.

Bu seçkilərdə Azərbaycan xalqı öz demokratik prinsiplərinə sahib çıxaraq Prezident seçkilərində yüksək seçici fəallığı göstərib. Seçicilərin böyük əksəriyyəti Azərbaycan xalqına misilsiz qələbələr bəxş edən, bizim də dəstəklədiyimiz İlham Əliyevə səs verib. Vətəndaş Həmrəyliyi Partiyası və partiyamızın çoxsaylı üzvləri adından seçkilərin nəticəsini ədalətli hesab etdiyimizi bəyan edir və İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edirik. İnanırıq ki, İlham Əliyev bundan sonra Azərbaycanı daha güclü dövlətə çevirəcək və öz ali missiyası ilə bütün türk dövlətlərinin birliyinə nail olacaq. Bu şərəfli yolda Prezident İlham Əliyevə böyük uğurlar arzulayırıq", - bəyanatda vurğulanıb.

Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərini azad və şəffaf, nəticələrini legitim və ədalətli hesab edir.

Partiyanın bəyanatında deyilir:

"7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkiləri təyin olunduqdan sonra Azərbaycan Ümid Partiyası Mərkəzi Aparat və Yerli Təşkilatlarında müzakirələr keçirərək, yekdil qərarla bu seçkilərdə Azərbaycan Respublikasının Prezidenti, Qarabağ qələbəsinin və suverenliyimizin ölkə ərazisində bərqərar olmasının memarı cənab İlham Əliyevi dəstəkləyib.

Seçki təbliğatı dönəmində partiyanın səlahiyyətli şəxsləri çoxsaylı çıxışlarında bu qərarın tarixi əhəmiyyətini və vacibliyini seçicilərə çatdırmış, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verilməsinin ölkəmiz üçün faydalarından danışıblar.

Seçki günü çoxsaylı müşahidəçilərimiz dairə və məntəqələrdə seçki prosesini izləmiş, seçkilərin Seçki Məcəlləsinə uyğun keçirilməsini təsbit etmişlər. Hər kəs sərbəst və azad şəkildə seçkidə iştirak edərək, mövqeyini ifadə edib.
Bu seçki ölkədə indiyə qədər keçirilmiş seçkilərdən öz mahiyyəti, azad və şəffaflığı baxımından əhəmiyyətli dərəcədə fərqlənib.

Müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfə idi ki, ölkənin bütün ərazisində seçki keçirilirdi.

Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevə Cənubi Qafqazda əbədi sülh və barışın olması üçün başladığı işi uğurla davam etdirməsi, ölkəmizin problemlərinin həlli istiqamətində can sağlığı və müvəffəqiyyət arzu edirik".

Demokratik İslahatlar Partiyasının yaydığı bəyanatda deyilir:

“Azərbaycanda keçirilən bələdiyyə, parlament seçkilərində müşahidəçi və namizədlə, Prezident seçkilərində isə müşahidəçi qismində iştirak edərək böyük seçki təcrübəsi qazanmış Demokratik İslahatlar Partiyası 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərində də öz müşahidə missiyası ilə yaxından iştirak etdi. Bütün ölkə ərazisində və bir sıra seçki dairələrində, həmçinin onlarla seçki məntəqəsində müşahidələr aparan partiyanın üzvləri seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyi haqda qeydlərini partiyanın rəhbərliyi ilə bölüşmüşdür. Bununla yanaşı səsvermə prosesi birbaşa partiyanın qərargahından onlayn şəkildə də müşahidə edilmiş və veb-kameralar qurulmuş məntəqələrdəki səsəvermə haqqında qeydlər ümumiləşdirilmişdir.

Demokratik İslahatlar Partiyasının yekdil qərarına əsasən bildiririk ki, 7 fevral tarixli Prezident seçkiləri sakit məcrada keçmiş, səsvermə məntəqələrinə sərbəst giriş tam təmin edilmiş, seçicilərin qeydiyyatı ilə bağlı proses boyu hansısa narahatlıq yaşanmamışdır. Bütün səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçmiş, səslərin sayılması açıq və şəffaf təşkil olunmuş, heç bir problem qeydə alınmamışdır. Hər bir seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərilmişdir. Məntəqələrdəki və dairələrdəki səsvermə sayını özündə əks etdirən protokolların nümunələri seçki bitəndən dərhal sonra müvafiq lövhələrdən asılmış və müşahidəçilərə təqdim olunmuşdur.

Seçkiöncəsi prosesdə namizədlər üçün yaradılmış demokratik şərait və imkanlar da Demokratik İslahatlar Partiyası tərəfindən təqdir olunmuş, namizədlərin təbliğat və təşviqat kampaniyası demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirilmişdir.

Seçkidə Azərbaycan xalqı öz iradəsini ifadə edərək ölkəsinə qələbələr qazandıran İlham Əliyevi yenidən ölkə Prezidenti seçmişdir. Xalqın seçim azadlığının göstəricisi olan bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirik”.

Gələcək Azərbaycan Partiyasının yaydığı bəyanatda deyilir:

"Azərbaycanda keçirilən hər bir seçkini ölkəmizdə siyasi təsisatların daha da təkmilləşməsi, özünü sınaması və uğurlu təcrübələr qazanması baxımından əhəmiyyətli hesab edən Gələcək Azərbaycan Partiyası 7 fevral tarixində keçirilmiş Prezident seçkilərinə də bu baxımdan müsbət yanaşmışdır. Gələcək Azərbaycan Partiyasının ötən ilin dekabr ayında keçirilən toplantısında Prezident seçkiləri məsələsi müzakirə edilmiş və partiyamızın Azərbaycan xalqının qalib Ali Baş Komandanı İlham Əliyevi dəstəkləyəcəyi və seçkilərdə müşahidəçi kimi iştirak etməyi haqqında qərar qəbul olunmuşdur.

Partiyanın qərarına uyğun olaraq üzvlərimiz ölkə ərazisindəki müxtəlif dairələrdə və Məntəqə Seçki Komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçmiş və seçki günü səsverməni yaxından izləmişdir. Gələcək Azərbaycan Partiyasının üzvləri səsverməni müşahidə edərkən hansısa neqativ halla qarşılaşmamış və qanun pozuntularına rast gəlinməmişdir. Hər bir məntəqədə səsvermə prosesi 10, bəzən isə 15 nəfərə yaxın müşahidəçinin gözləri qarşısında şəffaf, demokratik və azad şəkildə keçirilmişdir.

7 fevral seçkiləri öz miqyasına və aktivliyinə görə bundan əvvəlki seçkilərdən xeyli fərqlənmişdir. Belə ki, səsvermə hüququ olan əhalinin böyük əksəriyyəti seçkidə iştirak etmək üçün günün müxtəlif saatlarında məntəqələrə gəlmişdir. Əsas seçici aktivliyi günün birinci yarısında müşahidə edilmişdir. Səsvermə prosesi boyu seçicilərə hansısa təzyiqlər edilməsinə, yaxud onların fikrini qarışdıra biləcək təbliğat materiallarına rast gəlinməmişdir.

Vətən müharibəsinin qalibi olan Azərbaycan xalqının bu seçkilərə yanaşması və öz Ali Baş Komandanına səs verərək onu yenidən qalib etməsi üçün qətiyyət göstərməsi seçkini izləyənləri heyrətləndirmişdir. Bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilmişdir. Biz seçkinin nəticələrini legitim hesab edir və Prezident İlham Əliyevin yeni qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Hesab edirik ki, bu seçkini məhz Azərbaycan xalqı və dövləti qazanmışdır".

Azərbaycan Milli İstiqlal Partiyası fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar Prezident seçkiləri elan olunduqdan dərhal sonra seçkilərdə iştirakla bağlı məsələni Partiya daxilində ətraflı müzakirəyə çıxarıb. AMİP Siyasi Şurası 15 dekabr 2023-cü il tarixdə müzakirələri yekunlaşdırmaqla müvafiq Qərar qəbul etmiş və 7 fevral 2024-cü il Prezident seçkilərində Partiyanın öz namizədi ilə iştirakı məqsədəuyğun hesab edilməsə də çoxsaylı partiya üzvləri tərəfindən seçkiləri müşahidə missiyasının həyata keçirilməsi qərara alınıb.

Partiyanın ölkə üzrə yerli rayon təşkilatlarının verdiyi məlumatlara əsaslanaraq, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin seçkilərin legitim, şəffaf və ədalətli keçdiyi, hər hansı zorakılıq halları müşahidə edilmədiyi ilə bağlı fikirlərini bölüşərək, media təmsilçilərinin məlumatlarını, eləcə də prezidentliyə namizədlərin seçkilərin nəticələri ilə bağlı bəyanatlarını nəzərə alaraq, Azərbaycan Milli İstiqlal Partiyası prezident seçkilərini baş tutmuş hesab edir, yüksək seçici fəallığı ilə keçirildiyini, həmçinin, keçirilən seçkilərin Azərbaycan xalqının iradəsini özündə əks etdirməklə Azərbaycana qarşı güclənən xarici təhdidlər fonunda növbəti dəfə xalqla dövlətin birliyinin göstəricisinə çevrildiyi qənaətini ictimaiyyətə açıqlayır.

Prezident İlham Əliyevi ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməklə keçirilən Zəfər seçkilərində Azərbaycan xalqının böyük səs çoxluğunu qazanaraq qalib gəlməsi münasibətilə təbrik edir, yeni hədəflər və güclü, demokratik, firavan Azərbaycan uğrunda davamlı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, bu seçkilərdəki qələbə müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsinə təkan verəcək və bundan qazanan məhz Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi olacaq".

“Prezident seçkilərində böyük təcrübəsi olan Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda keçirilən növbəti prezident seçkilərində birbaşa namizədlə deyil, seçkiləri müşahidə missiyası ilə təmsil olunub.

Milli Dirçəliş Hərəkatı Partiyası Mətbuat Xidmətindən verilən xəbərə görə, bu barədə Partiyanın bəyanatında bildirilib.

    Qeyd edilib ki, Partiya öz müşahidəçilərini qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyatdan keçirmiş və müşahidəçilər seçki günü səsvermənin izlənməsi, müvafiq məlumatların Partiyanın qərargahı ilə paylaşılması üçün təlimlərə cəlb edilib.

    “Seçki günü səsvermə prosesini yüzdən çox partiya üzvü ayrı-ayrı məntəqələrdə canlı müşahidə edib. Onların günün müxtəlif saatlarında verdiyi məlumatlara əsasən Milli Dirçəliş Hərəkatı Partiyasının 7 fevral tarixində baş tutmuş Prezident seçkiləri ilə bağlı vahid rəyi hazırlanıb. Bu rəyə əsasən bildiririk ki, prezident seçkilərində səsvermə prosesi Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək səviyyədə təşkil edilib. Məntəqələr bütün zəruri avadanlıqla təchiz olunub, siyahılar zamanında dəqiqləşdirilib və məntəqələrə yerləşdirilib. Səsvermə günü seçici fəallığı çox yüksək olub, seçkiləri sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda yerli və beynəlxalq müşahidəçi izləyib. Birbaşa müşahidə apardığımız hər bir məntəqədə 10 və daha çox sayda müşahidəçi olub.

    İlk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən bu seçkilər işğaldan azad edilən torpaqlarda da uğurla təşkil olunub. Bu seçkiləri ölkənin müstəqillik tarixinin ən demokratik, azad, ədalətli və şəffaf seçkisi hesab edirik. Qeyd etmək lazımdır ki, sakit və dinc şəraitdə, heç bir qarşıdurma və ixtilaf olmadan keçirilən Azərbaycandakı Prezident seçkilərini digər ölkələr üçün nümunə hesab edilə bilər.

    Prezident seçkiləri xalqın iradəsini tamamilə əks etdirib və Azərbaycana böyük uğurlar və qələbələr bəxş etmiş İlham Əliyev Azərbaycan Respublikasının yeni prezidenti seçilib. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi bu seçkilərdə də öz iradəsi və əqidəsi ilə qələbə qazanıb. Xalq və hakimiyyətin birliyi seçkinin uğurlu nəticəsini müəyyənləşdirib. Seçkidən dərhal sonra xalqın bu qələbəni bayram etməsi seçkilərin ədalətli keçirildiyini və xalqın istəyini ifadə etdiyini bir daha təsdiqləyir. Milli Dirçəliş Hərəkatı Partiyası bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi təbrik edir, partiyamızın çoxsaylı üzvləri adından Prezidentə Azərbaycan naminə yeni-yeni qələbələr arzulayırıq”, - bəyanatda vurğulanıb.

     

    Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

    Hörmətli cənab Prezident!

    Ərazi bütövlüyümüzün bərpasında rolunuza yekun siyasi qiyməti vermiş prezident seçkisində qələbəniz münasibətilə Sizi təbrik edir, bir neçə aydan sonra ölkəmizin gələcəyinə həsr olunacaq parlament seçkisində rəhbəri olduğunuz partiya ilə azad və bərabər rəqabətimizin Azərbaycanda demokratiyaya yeni keyfiyyət qazandırmasını arzulayıram".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Sentyabr 2026