• Bakı 16° C

    10.99 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Paşinyan erməniləri təlaşa salıb: Saxta soyqırımı iddiaları aradan qaldırılır?

SİYASƏT

19 Aprel 2024 | 17:11

Paşinyan erməniləri təlaşa salıb: Saxta soyqırımı iddiaları aradan qaldırılır?

Ermənistan baş naziri Nikol Paşinyanın qondarma soyqırımı ilə bağlı verdiyi göstəriş erməniləri təlaşlandırıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, yüz illik yalanlarının üzə çıxacağından ehtiyatlanan ermənilər Ermənistanın arxivlərində bu barədə yetərincə məlumat və materialların olmadığını etiraf ediblər.

Belə etiraflardan birini dilə gətirənlərdən biri də politoloq Akop Badalyandır. Araşdırmanı “çətin iş” adlandıran Badalyan arxivlərdə bununla bağlı kifayət qədər materialın olmadığını onunla “əsaslandırır” ki, olaylarla bağlı lazımi faktlar digər ölkələrin arxivlərindədir. Onun iddiasına görə, "soyqırımına" məruz qalmış 1.5 milyon (?) erməninin ad-soyadlarını müəyyənləşdirmək çətindir.

Görünən budur ki, yalanlarının üzə çıxacağını bilənlər Paşinyanı bu “çətin iş”dən çəkindirməyə çalışırlar. Paşinyanın 1915-ci il hadisələri ilə bağlı “böyük fəlakət” və “cinayət” ifadələrindən istifadə etməsi də Ermənistanda mübahisələrə səbəb olub. 17-ci əsrin əvvəllərində Şah Abbas tərəfindən ermənilərin köçürülməsinin xalqın sosial psixologiyasına dərin təsirlər göstərdiyini əsas gətirən Paşinyan 1915-ci il hadisələrinə toxunub. Paşinyan həmin hadisələr üçün işlədilən “soyqırımı” sözü əvəzinə “böyük fəlakət” və “cinayət” sözlərindən istifadə edib. Paşinyan qısa müddətdə müxalifət dairələrindən kəskin reaksiya alıb.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, "erməni soyqırımı" ilə bağlı həqiqətlərin araşdırılmasında azərbaycanlı alimlərin də böyük xidməti olub. 

Professor qeyd edib ki, 2008-ci ildə Heydər Əliyev Fondunun rəhbərliyinin xüsusi tapşırığına əsasən Azərbaycanda alimlər heyəti yaradılmışdı: 

"Mən də o heyətə daxil idim. "Soyqırımı" ilə bağlı materialları dünyanın bütün arxivlərindən əldə etdik. Bütün məlumatlar toplanandan sonra məlum oldu ki, həmin dövrdə Türkiyədə 856 min erməni olub. Məskunlaşdığı yerlərdə qarışıqlıq yaratdıqlarına, xəyanət ediklərinə görə, onları Suriya tərəflərinə köçürmək qərarı verilib. Daha doğrusu, Osmanlının içərilərinə doğru sürüblər ki, paytaxtı, iri şəhərləri qarışdırmasınlar. Proseslərdə təxminən üç minə yaxın erməninin zərər gördüyü deyilir. Araşdırmaların nəticəsi olaraq bir neçə elmi kitab ərsəyə gətirdik və sənədlərlə sübut etdik ki, ermənilərin iddialarının hamısı yalan, uydurmadır".

Cümşüd Nuriyev: Erməni araşdırmaçıları çox gözəl bilirlər ki, bu iddianın altı boşdur

Müsahibimiz vurğulayıb ki, türkləri uydurma soyqırımı törətməkdə ittiham edən ermənilər Naxçıvanda, Qarabağda, Dərələyəzdə, Bakıda, Gəncədə, Qubada, Şamaxıda, Lənkəranda əsl soyqırımlar törədiblər: 

"ABŞ Konqresinin kitabxanasında olan arxiv materialları əsasında müəyyən edilib ki, ermənilər həmin müddətdə bir milyona yaxın türkü qırıblar. Ancaq ermənilər saxtakarlıq edərək arxivdəki "türk" sözü ilə "erməni" ifadəsinin yerini dəyişdiriblər. Guya türklərin 1 milyon ermənini qətl etdiklərini uydurublar. Türkiyənin xarici işlər naziri erməni olub, parlamentdə 14 erməni təmsil olunub. Saxta soyqırımı iddialarının müəllifi Böyük Britaniyanın müəyyən dairələridir. İndi erməni araşdırmaçıları çox gözəl bilirlər ki, bu iddianın altı boşdur və söhbət saxtalaşdırılmış tarixdən gedir. Ermənilər başdan-ayağa saxtakardırlar. Görünür, Nikol Paşinyanın da əsas məqsədi bu saxta soyqırım iddialarını aradan qaldırmaqdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

02 May 2024