“Stress, depressiya və narahatlıq hallarının artması müasir dövrdə insanların psixoloji rifahına birbaşa təsir göstərən mühüm amillərdəndir. Bu vəziyyət emosional yüklənmənin artması, sürətli həyat tempi, informasiya axınının intensivliyi və fərdi adaptasiya mexanizmlərinin zəifləməsi ilə bağlıdır”.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib. O qeyd edib ki, belə şəraitdə psixoloji xidmətlərin əlçatanlığının artırılması xüsusi əhəmiyyət daşıyır:
“İlk növbədə, psixoloji yardımın profilaktik və maarifləndirici istiqamətdə gücləndirilməsi vacibdir. İnsanlarda öz emosional vəziyyətini tanıma, stresslə sağlam mübarizə aparma və psixoloji dayanıqlılığı inkişaf etdirmə bacarıqları formalaşdırılmalıdır. Təhsil müəssisələrində, ailə mühitində və iş kollektivlərində psixoloji dəstək mexanizmləri genişləndirilməli, erkən mərhələdə problemlərin aşkarlanmasına şərait yaradılmalıdır”.

Elnur Rüstəmov: Psixoloji xidmətlərin texnoloji imkanlardan istifadə etməklə genişləndirilməsi də mühüm istiqamətdir
Müsahibimizin sözlərinə görə, psixoloqların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və xidmət keyfiyyətinin artırılması əsas prioritetlərdən biridir:
“Müasir elmi metodlara əsaslanan, sübutlara söykənən yanaşmaların tətbiqi, davamlı ixtisasartırma proqramlarının təşkili və etik standartlara ciddi riayət olunması psixoloji yardımın effektivliyini artırır. Psixoloji xidmətlərin texnoloji imkanlardan istifadə etməklə genişləndirilməsi də mühüm istiqamətdir. Onlayn konsultasiyalar, distant dəstək proqramları və rəqəmsal platformalar vasitəsilə daha çox insana operativ və rahat şəkildə yardım göstərmək mümkündür. Bu yanaşma xüsusilə vaxt məhdudiyyəti olan şəxslər üçün əlverişli imkanlar yaradır”.
Elnur Rüstəmov qeyd edib ki, maarifləndirmə fəaliyyətinin gücləndirilməsi psixoloji xidmətlərin əlçatanlığının artırılmasında mühüm rol oynayır:
“Cəmiyyətdə psixoloji sağlamlığa məsuliyyətli yanaşma formalaşdırılmalı, insanlara emosional tarazlığın qorunmasının həyat keyfiyyəti üçün vacib olduğu izah edilməlidir. Psixoloqa müraciət etməyin normal və faydalı bir addım olduğu düşüncəsi geniş şəkildə təşviq olunmalıdır. Eyni zamanda, psixoloji sahədə elmi tədqiqatların genişləndirilməsi və praktiki fəaliyyətə inteqrasiyası da vacibdir. Elmi əsaslı yanaşmalar xidmətlərin səmərəliliyini artırır və insanların real ehtiyaclarına uyğun proqramların hazırlanmasına imkan yaradır. Psixoloji xidmətlərin əlçatanlığının artırılması sistemli, elmi və maarifləndirici yanaşma tələb edir. Bu sahədə peşəkarlığın gücləndirilməsi, preventiv tədbirlərin genişləndirilməsi və müasir texnologiyaların tətbiqi insanların psixoloji rifahının qorunmasında əsas rol oynayır”.
Aynur Babazadə
Bakı 




