İsrailin 18 martda atəşkəsi pozaraq hücumlara yenidən başlamasından bəri Qəzza zolağında 420 min nəfər yerindən edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi bildirib.
Məlumata görə, 2 martdan bu yana İsrailin tətbiq etdiyi blokada səbəbilə Qəzzaya humanitar yardım daxil olmur. Blokada nəticəsində ərzaq, yanacaq, dərman və uşaqlar üçün peyvənd kimi həyati vacib ehtiyatlar sürətlə tükənir.
Mart ayında 3 700 uşaq qidalanma çatışmazlığı səbəbindən müalicəyə başlayıb.
Xatırladaq ki, İsrailin hücumları nəticəsində 7 oktyabrdan bəri 51 min fələstinli ölüb, 116 mindən çoxu yaralanıb. Hücumlar əsasən qadınlar, uşaqlar və yaşlıları hədəf alıb. Regionda su, elektrik və sərhəd keçidlərinin bağlanması humanitar böhranı daha da dərinləşdirib.
Əli Hüseynov