Gözlərimiz həyatımızın ən qiymətli nemətlərindən biridir. Dünyanı rənglər, formalar və hərəkətlərlə tanımağa imkan verən bu möcüzəvi orqan gündəlik həyatımızın demək olar ki, bütün sahələrində – oxumaqdan tutmuş işləməyə, idman etməkdən sürücülüyə qədər – əvəzolunmaz rol oynayır.
Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun oftalmoloqu Günel Məmmədova verdiyi məlumatlar əsasında görmə orqanının quruluşu, ən çox yayılmış göz xəstəlikləri, onların səbəbləri, müalicə üsulları və profilaktika qaydaları haqqında ətraflı məlumat verir.
Bakıvaxtı.az müsahibəni təqdim edir.
- Doktor, görmə orqanı haqqında məlumat verə bilərsinizmi?
- Görmə orqanı — Periferik görmə reseptoru - göz alması və onun əlavə aparatı, görmə yolları və baş beyinin görmə mərkəzindən ibarətdir. Göz alması cüt orqanı olub, kəllənin göz yuvalarında - orbitallarda düzgün kürə formasında deyil. Sağital oxunun uzunluğu - 24 mm, üfüqü - 23,6 mm, şaquli - 23,3 mm, göz almasının kütləsi 7-8 qrama bərabərdir. 3 qişası var. Bunlar xarici və ya fibroz, orta, damarlı, daxili və ya tor qişalardır.
- Göz xəstəlikləri haqqında nə deyə bilərsiniz?
-Ən çox rast gəlinən Sındırma qüsurlarıdır. Gözün optik mühitlərinin işığı düzgün sındırmaması nəticəsində görmənin zəif olmasıdır. Yaxından görmə (miopiya) – yəni uzağı zəif görmədir. Uzaqdan görmə (hipermetropiya) – yaxını bulanıq görmədir. Astiqmatizm – hər məsafədə bulanıq görmədir. Presbiopiya – yaşla əlaqədar olaraq yaxın görmənin zəifləməsidir.
Gözün ön seqmentinin iltihabı xəstəlikləri, yəni Konyunktivit “gözün iltihabı” kimi tanınır, allergik, virus və ya bakterial mənşəli ola bilər. Keratit – buynuz qişa iltihabıdır. Katarakta – göz büllurunun bulanması, görmənin tədricən zəifləməsinə səbəb olur. Qlaukoma (göz təzyiqi) – görmə sinirinə ciddi zərər verən xəstəlikdir.
Çox vaxt ağrısız, lakin daimi görmə itkisinə səbəb ola bilən, əsasən gizli gedişli xəstəlikdir. Retinopatiyalar – xüsusən şəkərli diabet və yüksək təzyiq fonunda tor qişanın zədələnməsidir. Makula degenerasiyası, əsasən yaşlılarda retinanın sarı nöqtə hissəsinin zədələnməsi və görmənin itirilməsidir. İltihabı və digər xəstəliklər- Uveit gözün orta təbəqəsinin iltihabıdır. Quru göz sindromu – göz yaşı ifrazının və ya keyfiyyətinin azalmasıdır. Uşaqlarda rast gəlinənlər çəpgözlük (strabizmus) – gözlərin müştərək fəaliyyətinin və paralelliyinin pozulmasıdır. Tənbəl göz (ambliopiya) – bir gözün görmə qabiliyyətinin digərindən və ya hər iki gözün normadan daha aşağı olduğu vəziyyətdir.
- Göz quruluğu niyə yaranır və necə müalicə olunur?
- Göz quruluğu, göz yaşının kifayət qədər istehsal olunmaması və ya keyfiyyətinin pozulması nəticəsində göz səthinin kifayət qədər nəmlənməməsi ilə yaranır. Bunun səbəbləri arasında ətraf mühit amilləri (kondisioner və qızdırıcıların istifadəsi, quru, küləkli hava), uzun müddət ekranlara baxmaq, bəzi dərmanların istifadəsi, yaşlanma və sistem xəstəliklər daxildir. Uzun müddət kompüter və ya mobil telefon kimi rəqəmsal ekranlara baxmaq gözlərin daha az qırpılmasına, nəticədə isə quruluğun yaranmasına səbəb ola bilər. Linzalardan düzgün istifadə edilməməsi gözyaşının sürətlə buxarlanmasına və gözlərin qurumasına gətirib çıxarır. Yaş irəlilədikcə, gözyaşı istehsalı azala bilər, bu da qadınlarda daha çox rast gəlinən bir vəziyyətdir.
Gözə lazım olan nəmliyi təmin etmək üçün süni gözyaşları və ya göz damlaları istifadə edilə bilər. Otaqda havanı nəmləndirmək, uzun müddət ekranlara baxdıqdan sonra fasilə vermək lazımdır. Göz qapaqlarının təmiz saxlanması və üzərinə ilıq kompres qoyulması simptomları yüngülləşdirə bilər. Göz quruluğunun səbəbi bəzi dərmanların istifadəsi olduqda, həkimlə məsləhətləşərək dərmanları dəyişdirmək və ya dozanı tənzimləmək mümkündür. Əgər göz quruluğu müalicə olunmursa və ya əlamətləri şiddətlənirsə, göz həkiminə müraciət etmək vacibdir. Həkim diaqnoz qoyaraq ən uyğun müalicə üsullarını təyin edəcək.
- Göz təzyiqinin müalicə taktikası necə aparılır?
- Bu metodlara qeyri dərman, dərman, lazer müalicəsi, cərrahi üsullar daxildir. Göz təzyiqinin müalicə taktikası əsasən göz daxili təzyiqi azaldan damcılarla başlayır, lazım olduqda lazer və cərrahi müdaxilə ilə davam etdirilir. Erkən diaqnoz və müntəzəm nəzarət görmənin qorunmasında həlledici rol oynayır. Göz təzyiqi hər kəs üçün risk olsa da, 40 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Səssizcə görmə qabiliyyətinin azalmasına səbəb olan bu xəstəlik, vaxtında müalicə edilməlidir.
Yüksək stress göz təzyiqi xəstəliyi riskini artırır. Bu səbəbdən stress səviyyəsi də azaldılmalıdır.
Qeyd edim ki, kofein gözlərə qan axınını azaldır. Şəkər isə gözlərin vaxtından əvvəl qocalmasına səbəb olur. Bu səbəbdən qlaukoma xəstəliyi olan pasiyentlərin şəkərdən daha az istifadə etmələri tövsiyə olunur.

- Göz narahatçılığıyla bağlı həkimə nə zaman müraciət etmək lazımdır?
-Periferik, yan görmənin tədricən və ya qəfil itkisi, işıq mənbəyinə baxdıqda ətrafında rəngli halqaların görülməsi, gözlərin qızarması, göz ağrısı və baş ağrıları, ürəkbulanma və ya qusma olarsa, həkimə müraciət edilməlidir. Onu da qeyd edim ki, xəstəliyin erkən mərhələdə aşkar edilməsi, eyni zamanda görmə qabiliyyətini qorumaq üçün ildə bir dəfə profilaktik oftalmoloji müayinədən keçmək tövsiyə olunur.
- Uşaqlarda göz müayinəsinin aparılması ilə bağlı hansı tövsiyələri verə bilərsiniz?
- Göz xəstəliklərindən xəbərsiz olduqları üçün valideynlər səhlənkarlıq nəticəsində, müalicə yetkin yaşlarında çətin olan problemlər yarada bilər. Bir çox ciddi göz xəstəlikləri erkən yaşda ortaya çıxır. Lakin, uğurlu nəticələr erkən diaqnoz və düzgün müalicə ilə əldə edilə bilər.
Heç bir şikayət olmasa belə 16 yaşa qədər uşaqların gözlərini qorumaq üçün əsasən həyatın ilk bir ilində, məktəbə başlamazdan əvvəl və məktəb dövründə mütəmadi göz müayinəsindən keçmək lazımdır.
Lakin, aşağıdakı əlamətlər zamanı uşaq göz xəstəlikləri üzrə mütəxəssisə yəni pediatrik oftalmoloqa müraciət etmək üçün vaxt itirməmək lazımdır. Bunlara çəpgözlük, obyektləri izləyə bilməmək, gözdə qızartı və ya yaşarma olarsa, gözdə nistaqm yəni qeyri - iradi titrəməsi, bir gözü qıyma və ya bağlama, göz bəbəyinin ağ və ya bulanıq rəngdə olması, vaxtından əvvəl doğulma, ailə göz problemləri və ailədə göz tənbəlliyinin olması halları aiddir.
- Göz xəstəlikləri ilə bağlı tövsiyələriniz nələrdir?
- İlk növbədə sağlam qidalanma. A vitamini (yerkökü, balqabaq, ispanaq) – retina sağlamlığı üçün vacibdir. Omega-3 yağ turşuları (balıq, qoz, kətan toxumu) – quru göz riskini azaldır. C və E vitaminləri, sink, lutein və zeaksantin (yaşıl yarpaqlı tərəvəzlər, yumurta sarısı) – makula degenerasiyası və katarakt riskini azaldır.
Günəşdən qorunma da mühüm amildir. Günəşə çıxan zaman UV qoruyucu filterli eynəklərdən istifadə etmək və şlyapa taxmaq tövsiyədir.
Ekran qarşısında göz qorunmalıdır. Monitoru göz səviyyəsindən bir qədər aşağı yerləşdirmək lazımdır. Quru göz sindromunun qarşısını almaq üçün tez- tez göz qırpmağı unutmamaq və üç 20 qaydası, yəni hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 fut ( 6 metr məsafədə ) uzaqlığa baxmaq məsləhətdir.
Bakı 




