Milyarder iş adamı İlon Mask İngiltərə baş naziri Rishi Sunak ilə qatıldığı zirvədə "sehrli cin" adlandırdığı süni intellekt sayəsində gələcəkdə heç kimin işə ehtiyac duymayacağını söyləyib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Mask süni intellektin artması ilə bəşəriyyətin 21-ci əsrdə işləmək məcburiyyətində qalmayacağını iddia edib.
İngiltərənin paytaxtı Londonda keçirilən "süni intellekt" təhlükəsizlik sammitinə qatılan Mask Sunakla paylaşdığı səhnədə gələcəklə bağlı proqnozlarından danışıb.
Mask robotların "insanın sahib ola biləcəyi ən yaxşı dost" olacağını ifadə edərək onların hər bir söhbətini xatırlayacaqlarını və sahiblərinin qeyri-adi istəklərini yerinə yetirə bilən "sehrli cinlər"ə çevriləcəyini söyləyib.
“İlk dəfə ən ağıllı insandan daha ağıllı bir şeyə sahib olacağıq. Elə bir məqam gələcək ki, heç bir işə ehtiyac qalmayacaq" deyən Mask süni intellekt sayəsində işləməyə ehtiyac qalmayacağını bildirib.
Mask qeyd edib ki, hökumətlər süni intellektin təhlükəsizliyi ilə bağlı tənzimləmələr etməlidir. “Süni intellekt, çox güman ki, yaxşılıq üçün bir qüvvə olacaq, lakin pis olma şansı da sıfıra bərabər deyil” deyən Mask robotların nasazlığı halında “elektron açarlar” kimi fiziki söndürmə düymələrinin lazım ola biləcəyini əlavə edib.
Ay Tac















