Türkiyədə planlaşdırılan Cənubi Qafqaz üzrə "3+3" regional platforması (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) formatında xarici işlər nazirlərinin görüşü hazırlanır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə IV Avrasiya Qadın Forumu çərçivəsində brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Report"un sualını cavablandırarkən bildirib.
"Deyə bilərəm ki, Ankarada belə bir görüş hazırlanır", - deyə o qeyd edib.
Diplomat əlavə edib ki, konkret tarixlər əldə olunmuş razılaşmanın nəticəsinə əsasən, ölkələr tərəfindən birgə elan ediləcək.
Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü ilə 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan çıxış etmişdilər, sonradan bu format "3+3" adını aldı. Rusiya və İran bu ideyanı alqışladı, Ermənistan da formata qoşuldu. Gürcüstan təşəbbüsdə iştirak etməyəcəyini bildirdi. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirləri müavinləri səviyyəsində məsləhətləşmə regional platformasının ilk iclası keçirildi. Son iclas XİN başçıları səviyyəsində 2023-cü ilin oktyabrında Tehranda keçirilmişdi./oxu.az