• Bakı 12° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

“Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib - FOTO

CƏMİYYƏT

13 Fevral 2026 | 10:45

“Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib - FOTO

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan OBA Marketlər Şəbəkəsi FMCG sektorunda (sürətli dövriyyəli istehlak malları) ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” – İnnovativ Həllər Marafonunu həyata keçirib.

Fevralın 11-də Startap, İnnovasiya və Dəstək proqramı – OBA SİD çərçivəsində keçirilən marafonun bağlanış və qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Layihənin əsas məqsədi pərakəndə satış sahəsinin innovativ inkişafına töhfə vermək, Azərbaycanın startap və innovasiya ekosistemini dəstəkləmək, eyni zamanda OBA-nın daxili biznes ehtiyaclarını qarşılayacaq innovativ həllərin formalaşdırılması olub. Marafonun ilk mövzusu müştəri məmnuniyyəti olaraq müəyyən edilib. Marafonun hazırlıq mərhələsində 185 müraciət daxil olub, ölkənin 6 aparıcı ali təhsil müəssisəsində infosessiyalar keçirilib və bu görüşlərdə 500-dən çox tələbə iştirak edib. Paralel olaraq OBA-nın müxtəlif struktur bölmələrindən olan 14 əməkdaş mentor kimi prosesə cəlb olunub. Müraciət edən komandaların 57 faizi ideya mərhələsində, 46 faizi sərbəst mövzu üzrə, 19 faizi isə xanım founder-lərdən ibarət olub. Seçim mərhələsindən sonra 33 komanda əsas mərhələdə iştirak edib. Altı həftəlik proqram çərçivəsində komandalar ideya generasiyası, süni zəka alətləri, dizaynyönümlü düşüncə, pitch deck hazırlanması və MVP-nin təkmilləşdirilməsi üzrə təlimlər keçiblər. Nəticədə 17 komanda final mərhələsinə vəsiqə qazanıb.

    Natəvan İbrahimova: “Bu, sadəcə müsabiqə deyil”

    Bağlanış tədbirində çıxış edən “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bildirib ki, OBA “İnnovativ Həllər Marafonu” ilə pərakəndə sektorda startap yönümlü ilk açıq innovasiya platformasını yaradıb: “Bu layihə bizim üçün sadəcə müsabiqə deyil. Məqsədimiz yalnız ideyaları dinləmək yox, onları real biznes proseslərinə inteqrasiya etməkdir. Biz həm öz biznesimizi, həm ölkəmizi, həm də gələcək tərəfdaş və istehsalçıları yeni bizneslərin yaradılmasına təşviq etmək istəyirik”. N. İbrahimova vurğulayıb ki, marafon gənc startapçıların ideyalarını praktik dəyərə çevirməyə və tətbiq mərhələsinə keçidini təmin etməyə xidmət edir: “İnanırıq ki, bu kimi təşəbbüslər ölkədə istedad axınının yerli iqtisadiyyata yönəlməsinə, yeni bizneslərin və iş yerlərinin yaranmasına töhfə verəcək. Ölkəmizin iqtisadiyyatının gələcəyi böyük bizneslərlə bərabər, böyük xəyalları, ideyaları olan gənclərdədir”.

    Aydın Talıbov: “Azərbaycanlı mütəxəssislərin potensialı düşündüyümüzdən böyükdür”

    Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov pərakəndə sektorun sürətlə dəyişdiyini və bu dəyişimi yalnız izləməyin kifayət etmədiyini vurğulayıb: “Dünya sürətlə dəyişir. Texnologiyalar, xüsusilə süni intellekt yeni mərhələ yaradır. Bu gün artıq yalnız bir ideya ilə irəliləmək kifayət deyil. Dünyanın getdiyi istiqaməti düzgün oxumalı və həmin istiqamətdə hərəkət etməliyik. Bu gün azərbaycanlı mütəxəssislərin və texnologiyaların beynəlxalq müstəvidə tətbiq olunduğunu görürük. Burada təqdim olunan ideyalar göstərir ki, potensialımız düşündüyümüzdən də böyükdür. Əsas məsələ bu potensialı tətbiq mərhələsinə daşımaqdır”.

    Aydın Talıbov qeyd edib ki, “OBA SİD” təşəbbüsünün əsas məqsədi innovasiyanı açıq platformaya çıxarmaq və gənc ideyaları real bizneslə birləşdirməkdir.

    Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müşaviri Vurğun Hacıyev, seçimlərdə münsiflər heyətində təmsil olunan sahə mütəxəssisləri – INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanov, müstəqil ekspert Mübariz Şahbazlı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin startap ekosisteminə dəstək şöbəsinin müdiri Camal Ağayev çıxış edərək “OBA”ya bu təşəbbüsdən dolayı təşəkkür edib, FMCG-də ilkə imza atmaq münasibətilə təbrik ediblər.

    Final mərhələsində komandalar “Qonşu market” konsepsiyasının inkişafı, CRM və fərdiləşdirilmiş müştəri məlumatları, smart əməliyyatlar və sərbəst mövzular üzrə hazırladıqları həlləri təqdim ediblər. Finala vəsiqə qazanan 9 komandaya “OBA” marketlər şəbəkəsinin təlim şöbəsinin müdiri Cəlalə Mustafayeva tərəfindən sertifikatlar təqdim edilib. Münsiflər heyətinin qərarına əsasən qaliblər müəyyən olunub və 10 000 AZN mükafat fondu ilə yanaşı, əlavə inkişaf imkanları təqdim edilib.

    Müsabiqədə 1-ci yerə “Epsilon” (6000 AZN), 2-ci yerə “Birlab” (3000 AZN), 3-cü yerə isə “PATCO” (1000 AZN) komandaları layiq görülüblər. Qaliblərə mükafatları Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və “OBA” marketlər şəbəkəsinin İnsan Resursları direktoru Maqsud Orucov təqdim edərək gəncləri təbrik ediblər.

    Layihənin əsas hədəfi seçilmiş həllərin OBA-nın biznes proseslərinə inteqrasiyası və startapların məhsullarının bazara çıxarılmasıdır. “OBA” marketlər şəbəkəsi gələcəkdə də startaplar və innovativ ideyalarla əməkdaşlığı genişləndirməyi planlaşdırır.


    SON XƏBƏRLƏR

    12 Fevral 2026