Dövlət Gömrük Komitəsi (DGK) “Mazarina Trade Company” MMC barədə inzibati protokol tərtib edib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu şirkət gömrük qaydaları əleyhinə olan inzibati xəta törətməkdə təqsirləndirilir.
Şərab və digər alkoqollu məhsulların istehsalı və satışı ilə məşğul olan “Mazarina Trade Company” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən protokol tərtib edilib, Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Bu maddəyə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
1998-ci ildə yaradılmış “Mazarina” MMC Azərbaycanın ən qədim istehsalçısı olan “Gəncə Şərab-2” ASC ilə birlikdə şərab və digər alkoqollu məhsulların istehsalı və satışına başlamışdır.
2017-ci ildə “Mazarina” MMC-nin adı “Mazarina Trade Company” MMC-yə rebrendinq edilib.
İbRa
















