"Bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış şəxslər (3 nəfər qadın olmaqla) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".
Bakıvaxtı.az xəbər vrir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
“Mərkəzdə onlara zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyətləri stabildir. Gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub”, - o qeyd edib.
***
12:37
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bakıvatı.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.
FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.
***
12:18
Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.
DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.
***
11:51
Bu gün səhər saatlarında Xəzər dənizinin Bakının Səbail rayonu, Şıx qəsəbəsi sahillərində tur gəmisi batıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, tur gəmisi qəfil batmağa başlayıb, gəmidə olan şəxslər özlərini dənizə ataraq sahilə tərəf üzməyə çalışıblar. Bir qədər sonra isə başqa bir qayıq batan gəmiyə yaxınlaşıb.
FHN-nin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün nazirliyin qaynar xəttinə Xəzər dənizində gəzinti qayığının batması barədə ilkin məlumat daxil olub: “Dərhal FHN-in dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib, batmaq təhlükəsiziləü zləşən şəxslər xilas edilib. Əlavə məlumat veriləcək”.
















