Fatmayıda evdə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 06.11.2026-cı il tarixində saat 04:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın və kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
1950-ci il təvəllüdlü şəxsə (kişi) başın tüklü hissəsinin, üzün, boyunun, yuxarı ətrafların, gövdənin arxa səthinin və sağ ayağın II-III dərəcəli termiki yanığı, tənəffüs yollarının yanığı diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
1957-ci il təvəllüdlü şəxsə (qadın) üzün, hər iki yuxarı ətrafın I-II dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Zəruri tibbi xidmət göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb.
Günəş Mərd
















