• Bakı 14° C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 1.7711

    RUB - 1.629

"Su böhranı dünya ölkələrinin ÜDM-lərində 15 %-ə qədər itkiyə səbəb ola bilər"

COP29

21 Noyabr 2024 | 15:59

Su böhranı dünya ölkələrinin ÜDM-lərində 15 %-ə qədər itkiyə səbəb ola bilər

Qlobal Su İqtisadiyyatı Komissiyasının hesablamalarına görə, su böhranı dünya ərzaq istehsalını təhlükə altına qoyaraq 2050-ci ilə qədər ölkələrin ÜDM-lərində 8 %-dən 15 %-ə qədər itkiyə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Niderlandın su məsələləri üzrə xüsusi elçisi Meike Van Ginneken COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə bildirib.

"Bu səbəbdən Bakı Bəyannaməsi suyun qlobal iqlim gündəminə daxil edilməsi istiqamətində mühüm bir addımdır. Bu prosesi irəlilətmək artıq hər birimizin üzərinə düşən bir vəzifədir”, - M.Ginneken deyib.

Onun sözlərinə görə, su yalnız iqlim dəyişikliyinin təsirlərini göstərən bir vasitə deyil, həm də bu problemin həllində əsas rol oynaya bilər: “Daşqınlar evləri su altında qoyur, duzlu yeraltı sular məhsulları məhv edir, yağışların gecikməsi isə aclıq yaradır. Su ilə bağlı fəaliyyət artıq təxirə salına bilməz, çünki iqlim uyğunlaşması gözləyə bilməz”.

M.Ginneken iqlim dəyişikliyinə uyğunlaşmaq üçün su idarəçiliyinə böyük sərmayələrin yatırıldığını vurğulayıb: “Ölkələr nizamsız yağıntılar, dəniz səviyyəsinin artması və duzlu su basqınları kimi risklərə qarşı innovativ texnologiyalar tətbiq edir, bataqlıqları, gölləri və çayları qoruyur və bərpa edir”.

O bildirib ki, su və torpaq resursları məkan planlaşdırma qərarlarında əsas prinsip olaraq qəbul edilməlidir: “Hətta bizim kimi rütubətli bir ölkədə belə daha uzun quraqlıq dövrlərinə hazırlaşmalıyıq. Bu səbəbdən su idarəçiliyində innovativ həllərə fokuslanırıq”.

Niderlandın xüsusi elçisi sektorlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb: “Su yalnız bir sektor deyil. Su resurslarının idarə olunmasında kənd təsərrüfatı, şəhərlər və məkan planlaşdırması kimi sahələrdə birgə işləməliyik. Niderland öz bilik və təcrübəsini paylaşmağa və qlobal səviyyədə su təhlükəsizliyinə nail olmaq üçün əməkdaşlığa hazırdır”.


SON XƏBƏRLƏR

23 Noyabr 2024