Ali Məhkəmədə tanışına bıçaqla xəsarət yetirməkdə ittiham olunan Firudin İsrafilov barəsində çıxarılan hökmdən verilmiş kassasiya şikayətinin bəzi detalları məlum olub.
Bakıvaxtı.az Pravda.az-a istinadla məlumat verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan məhkəmə iclasında ittiham aktının məzmunu elan edilib.
İttihamda göstərilir ki, cinayət hadisəsi 2023-cü il noyabrın 28-də Bakının Xətai rayonu, General Mehmandarov küçəsində fəaliyyət göstərən şərab mağazasında qeydə alınıb.
Məlumata əsasən, həmin gün saat 15 radələrində təqsirləndirilən şəxs siqaret almaq üçün sözügedən obyektə daxil olub. Bu zaman mağazanın satıcısı olan tanışı Fərid Süleymanlı ona işləməməsi və özünə məşğuliyyət tapmaması ilə bağlı irad tutub. Bir neçə saat keçdikdən sonra - saat 19:45-də Firudin İsrafilov yüngül sərxoş vəziyyətdə yenidən həmin ticarət obyektinə qayıdıb. Satıcının ona irad bildirməsinə etiraz etdiyi üçün tərəflər arasında mübahisə yaranıb.
İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, mübahisə əsnasında F.İsrafilov evindən gətirdiyi mətbəx bıçağı ilə Fərid Süleymanlıya zərbə endirmək istəyib. Bu məqamda mağazanın digər əməkdaşı, zərərçəkmiş qismində tanınan Cümşüd Hacıyev hadisənin qarşısını almaq üçün araya girib. Lakin təqsirləndirilən şəxs bıçaqla müdaxilə edən şəxsin sinə nahiyəsinə bir zərbə vurub. Nəticədə Cümşüd Hacıyev döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yara və sol tərəfli hemotoraksla müşayiət olunan, həyat üçün təhlükəli ağır bədən xəsarəti alıb.
Hadisənin ardınca Firudin İsrafilov hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs altı il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalındaca həbs olunub. Bakı Apellyasiya Məhkəməsi isə çıxarılan hökmü qüvvədə saxlayaraq şikayəti təmin etməyib.
Məhkumun vəkili tərəfindən verilən kassasiya şikayətində vurğulanıb ki, F.İsrafilovun əməlində Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələrinin tərkibi mövcud deyil. Müdafiə tərəfi iddia edir ki, zərərçəkmişə yetirilən xəsarət onun xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə bağlı olmayıb, hadisə ehtiyatsızlıqdan baş verib və burada xuliqanlıq niyyəti olmayıb.
Şikayət ərizəsində, həmçinin qeyd olunub ki, Firudin İsrafilov 44 günlük Vətən müharibəsində iştirak edib, uzun müddət psixoloji gərginlik və stres altında yaşayıb, mütəmadi olaraq həkim müayinəsindən keçərək müalicə alıb. Müdafiəçi hadisə vaxtı onun psixi gərginlik vəziyyətində olduğunu, xəsarəti qəsdən deyil, ehtiyatsızlıqdan yetirdiyini və sonradan könüllü olaraq polisə təslim olduğunu diqqətə çatdırıb.
F.İsrafilov öz ifadəsində hadisənin təsadüf nəticəsində baş verdiyini söyləyib. O bildirib ki, Cümşüdə xəsarət yetirmək niyyəti olmayıb, sadəcə, Fəridlə dava düşəcəyini düşünərək onun qolundan tutmağa çalışıb və bu zaman ehtiyatsızlıqdan bıçaq ona dəyib.
Zərərçəkmiş şəxs də öz izahatında hadisənin ehtiyatsızlıqdan baş verdiyini təsdiqləyərək, məhkumla dostluq münasibətlərinin olduğunu və ona qarşı heç bir şikayət və ya tələb irəli sürmədiyini bildirib.
Buna baxmayaraq, müdafiə tərəfi hesab edir ki, aşağı instansiya məhkəmələri cəza təyin edərkən hadisənin məhkumun iradəsindən asılı olmayan səbəblərdən baş verməsini lazımi səviyyədə nəzərə almayıb.
Zərərçəkmiş Cümşüd Hacıyev məhkəmədə bir daha hadisənin ehtiyatsızlıq səbəbindən yaşandığını, təqsirləndirilən şəxslə dost olduğunu və ondan şikayətçi olmadığını bəyan edib.
Ali Məhkəmə kassasiya şikayətini araşdıraraq iş üzrə əvvəlki qərarlara hüquqi qiymət verib. Yekun qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Bakı 




