Rusiyanın Xarkov bölgəsinə endirdiyi hava hücumu nəticəsində üç azyaşlı və bir yetkin həlak olub.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə yerli hərbi administrasiyanın rəhbəri Oleq Sinequbov məlumat verib.
O bildirib ki, Rusiya sərhədinə yaxın Boqoduxiv şəhərindəki evlərdən birinə endirilən zərbə nəticəsində bir yaşında olan 2 oğlan, iki yaşlı 1 qız ölüb:
“Uşaqlarla birlikdə olan 34 yaşlı kişi də ölüb".
Xatırladaq ki, O.Sinequbov əvvəlki açıqlamasında eyni şəhərdə hava hücumunda 35 yaşlı hamilənin yaralandığını da bildirmişdi. Bazar ertəsi günü isə eyni şəhərdə hava hücumunda artıq bir qadın və 10 yaşlı uşaq həlak olmuşdu.
Qeyd edək ki, Rusiya Ukraynaya hər gün hava hücumları təşkil edir və müntəzəm olaraq mülki şəxslərin ölümünə səbəb olur. BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının (HRMMU) yanvarın əvvəlində dərc etdiyi hesabata görə, 24 fevral 2022-ci il tarixində Rusiyanın işğalı başlayandan bəri təxminən 15 min Ukrayna mülki şəxsi öldürülüb, 40 min 600 nəfər yaralanıb. Hesabatda bildirilir ki, 2025-ci il 2022-ci ildən sonrakı ən ölümcül il olub və 2500-dən çox mülki şəxs həlak olub.
Aydın Baxış
Bakı 




