Tehran-Vaşinqton xəttində proses nə dayanıb, nə də sürətlənib. Son açıqlamalar da bunu göstərir.
Tərəflər açıq şəkildə danışıqların davam etdiriləcəyini bildirir, amma eyni zamanda hər iki paytaxt paralel olaraq öz təzyiq alətlərini masada saxlayır. ABŞ prezidenti Donald Trampın “vaxtımız var, tələsmirik” ritorikası təsadüfi deyil. Bu, Vaşinqtonun klassik strategiyasıdır: dialoqu açıq saxlayaraq qarşı tərəfi psixoloji və iqtisadi baxımdan yormaq. Venesuela nümunəsinin tez-tez xatırladılması da eyni mesajı verir – razılaşma mümkündür, amma şərtləri ABŞ müəyyən edəcək. ABŞ donanmasının bölgəyə doğru hərəkəti isə diplomatiyanın arxa planında güc balansının dəyişmədiyini göstərmək məqsədi daşıyır.
Tehran tərəfi isə tam əksinə, zamanın öz əleyhinə işlədiyini yaxşı anlayır. İranın xarici işlər naziri Abbas Əraqçinin açıqlamalarında həm hərbi potensialın qabardılması, həm də “səhvlərdən dərs çıxarmışıq” mesajı var. Bu, bir tərəfdən daxili auditoriyaya ünvanlanmış möhkəmlik görüntüsüdür, digər tərəfdən isə Vaşinqtona ünvanlanan dolayı siqnaldır: İran müharibə istəmir, amma masaya zəif oturmaq niyyətində də deyil. Bununla yanaşı, İranın 60 faiz zənginləşdirilmiş uranla bağlı Rusiyaya ötürmə təklifini rədd etməsi göstərir ki, Tehran nüvə kartını hələ də əsas pazarlıq aləti kimi saxlayır və onu vaxtından əvvəl əldən vermək istəmir.
Mövcud mənzərə onu deməyə əsas verir ki, tərəflər arasında əsas problem razılaşmanın özü yox, onun vaxtı və şərtləridir. İran indi əvvəlki dövrlərlə müqayisədə daha çox güzəştə hazır görünür, çünki daxili iqtisadi vəziyyət, regional təzyiqlər və sanksiyalar manevr imkanlarını xeyli daraldıb. ABŞ isə əksinə, tələsməməklə Tehranın bu zəifliyini daha da dərinləşdirməyə çalışır. Bu səbəbdən də yaxın mərhələdə nə ani müharibə, nə də sürətli razılaşma gözlənilir. Daha real ssenari uzunmüddətli, dalğalı bir prosesdir: bir tərəfdə danışıqlar, digər tərəfdə sanksiyalar, hərbi siqnallar və qarşılıqlı psixoloji təzyiq. Nəticə isə yalnız bir halda mümkün ola bilər. Tehran nüvə dosyesində real və yoxlanıla bilən addımlara gedərsə və Vaşinqton bunun qarşılığında təzyiq mexanizmlərini mərhələli şəkildə yumşaltmağa razılaşarsa. Hazırkı mərhələdə isə hər iki tərəf vaxt udur və bu vaxtı öz xeyrinə çevirməyə çalışır.
Züriyə Qarayeva
Bakı 




