• Bakı C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Virtual dünyanın tələsi: Gənclərin psixoloji sağlamlığı üçün təhlükə

CƏMİYYƏT

11 Fevral 2026 | 09:13

Virtual dünyanın tələsi: Gənclərin psixoloji sağlamlığı üçün təhlükə

Rəqəmsal platformalarda uzun müddət vaxt keçirmək müasir dövrdə gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial medianın məlumat əldə etmək və ünsiyyət imkanlarını genişləndirməsinə baxmayaraq, onun həddindən artıq istifadəsi gənclərin psixoloji vəziyyətinə, emosional tarazlığına və sosial bacarıqlarının formalaşmasına ciddi təsir göstərə bilir.

Virtual mühitdə uzunmüddətli aktivlik real sosial əlaqələrin zəifləməsinə, diqqət dağınıqlığına və asılılıq davranışlarının yaranmasına səbəb ola bilər.

Bu baxımdan, sosial media asılılığının qarşısının alınması təkcə fərdi məsuliyyət yox, eyni zamanda, ailə və təhsil sisteminin koordinasiyalı yanaşmasını tələb edən sosial məsələ kimi çıxış edir.

Sosial media asılılığını azaltmaq üçün ailə və təhsil sistemi hansı addımları ata bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında sosioloq Yusif Nəbiyev bildirib ki, get-gedə texnoloji vasitələrin daha çox aludəçisi oluruq:

“Yeni nəsillər daha çox onlayn olan, daha çox şəbəkələşmiş görünən, amma reallıqda daha tənha insanlardan ibarətdir. Bu gənclərin psixososial kimliyinə və sağlamlığına zərbə vururmu? Əlbəttə, vurur. Sosial media gənclərə daimi olaraq özlərini kimlərləsə müqayisə edə biləcəkləri mühit yaradır. Bu isə özünəinamın zəifləməsi, stress, narahatlıq və diqqət dağınıqlığı kimi problemləri artırır. Hələ mən sosial bacarıqların ancaq ekran başında "smaylik" göndərərkən istifadə olunmasından, insanların duyğusal soyuqluq və donuqluq yaşamasından danışmıram”.

Yusif Nəbiyev: Məktəblərdə diqqət, emosional tənzimləmə və real ünsiyyət bacarıqlarını gücləndirən proqramlar tətbiq olunmalıdır

Müsahibimiz qeyd edib ki, bu vəziyyətlə ailə səviyyəsində effektiv şəkildə başa çıxmağın əsas yolu isə sadəcə qadağa qoymaq yox, rol model olmaqdır:

“Yəni valideyn özü telefondan başını qaldırmırsa, uşağa “o zibilə az bax” demək heç bir şeyi dəyişdirmir və hətta bir az ironik görünür. Uşaqlar deyilənə yox, gördüklərinə baxırlar. Ailədə birgə vaxt keçirmək üçün xüsusi zaman ayırmadan, telefonsuz aktivitələrə yer vermədən və real sosial fəaliyyətlər yaradılmadan telefondan və bənzər texnoloji vasitələrdən asılılığı azaltmaq çətin məsələdir”.

Yusif Nəbiyevin fikrincə, təhsil sistemi isə sosial medianı şeytanlaşdırmaq, günah keçisi eləmək əvəzinə, rəqəmsal savadlılıq və psixoloji dayanıqlıq üzərində işləməlidir:

“Məktəblərdə diqqət, emosional tənzimləmə və real ünsiyyət bacarıqlarını gücləndirən proqramlar tətbiq olunmalıdır. Qısacası, gənclərə “telefon pisdir” deməkdənsə, “telefondan başqa da həyat var” hissini yaşatmaq lazımdır”.

Aynur Babazadə


SON XƏBƏRLƏR

10 Fevral 2026