Fevralın 8-də Yaponiya və Tailandda keçirilən parlament seçkiləri bu ölkələrin həm daxili siyasi kursuna, həm də regional proseslərə mümkün təsirləri baxımından diqqət çəkir. Yaponiyada hakim koalisiyanın supermajoritet qazanması, Tailandda isə Bhumjaithai Partiyasının mövqelərini gücləndirməsi regional təhlükəsizlik və iqtisadi siyasətlə bağlı yeni suallar doğurur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Yaponiyada hakim koalisiyanın seçkilərdə qalib gəlməsi, əslində, ABŞ-nin Çin qarşısında mövqelərinin möhkəmlənməsi kimi qiymətləndirilə bilər. Çünki hakim koalisiya seçki kampaniyası dövründə Yaponiya-ABŞ münasibətlərinin daha da gücləndirilməsi və Çinə qarşı daha sərt addımların atılması ilə bağlı mövqelər ortaya qoyurdu. Çin təhlükəsi məsələsi kampaniya boyunca əsas şüarlardan biri olub:
"Mövcud baş nazir, demək olar ki, bütün seçki kampaniyası ərzində diqqəti məhz Çin faktoruna yönəltmişdi. Bununla yanaşı, liberal iqtisadiyyatın daha da möhkəmləndirilməsi istiqamətində də hakim koalisiya bir sıra vədlər səsləndirirdi. Bildirilirdi ki, ölkə daxilində və xaricdən özəl investisiyaların, daha dəqiq desək, kreditlərin cəlb olunması geniş şəkildə müzakirə ediləcək.
Hakim koalisiya özəl biznesin dəstəklənməsi üçün dövlət tərəfindən daha açıq və əlverişli şərtlərlə kreditlərin ayrılacağını vəd edib. Eyni zamanda yeni sosial xərclər paketi elan olunub. Bu sosial paket əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm addımları əhatə edirdi. Bu baxımdan Yaponiyada seçkilərdə hakim koalisiyanın qalib gəlməsi gözlənilən idi".

Zeynal Əmrəliyev: Bundan sonra ABŞ-Yaponiya münasibətləri daha da inkişaf edəcək
Politoloqun sözlərinə görə, bundan sonra ABŞ-Yaponiya münasibətləri daha da inkişaf edəcək və Çinə qarşı müəyyən addımların şahidi olacağıq. Yaxın gələcəkdə ABŞ və Yaponiya arasında birgə hərbi təlimlərin keçirilməsi də istisna deyil:
"Tailandda keçirilən seçkilərə gəldikdə isə, burada milliyyətçi qüvvələr qalib gəlib. Bu da son dövrlər ümumilikdə Şərqi Asiya ölkələrində milliyyətçiliyin güclənməsi tendensiyasını əks etdirir. Sözügedən partiya əsasən xırda sahibkarlara müraciət edirdi. Son zamanlar Tailand iqtisadiyyatında ciddi durğunluq müşahidə olunur və partiya seçki kampaniyası boyunca həm milliyyətçi ritorikadan istifadə edib, həm də sərt sosial çağırışlarla əhalinin rifahının yaxşılaşdırılmasını vəd edib".
Müsahibimiz bildirib ki, bu partiyanın qalib gəlməsindən sonra Tailand-Kamboca xəttində müəyyən gərginliklərin yaranması ehtimalı da istisna olunmur. Hətta xırda toqquşmaların baş verməsi mümkündür. Eyni zamanda Tayland iqtisadiyyatının gücləndirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə müəyyən razılaşmaların əldə olunması da gündəmə gələ bilər.
Zeynəb Rzayeva
Bakı 




