• Bakı 27° C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Yas yeməkləri niyə zəhərləyir? - Mərasimlərdə faciəyə səbəb olan yanlışlar

CƏMİYYƏT

15 Iyul 2026 | 14:42

Yas yeməkləri niyə zəhərləyir? - Mərasimlərdə faciəyə səbəb olan yanlışlar

Son dövrlər yas mərasimlərində baş verən kütləvi qida zəhərlənmələri narahatlıq doğuran hallardan birinə çevrilib. Göyçayda, ardınca Gəncədə yasda baş verən  kütləvi zəhərləmələrdən sonra mərasimlərdə təqdim olunan qidaların hazırlanması, saxlanılması və paylanılması zamanı gigiyenik qaydalara ciddi əməl olunmasının vacibliyi bir daha gündəmə gəlib.

İsti hava şəraiti də qida məhsullarının daha tez xarab olmasına səbəb olan əsas amillərdən biri hesab olunur. Bəs yas mərasimlərində kütləvi zəhərlənmələrin baş verməsinə hansı amillər səbəb olur və belə halların qarşısını almaq üçün nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında qida mütəxəssisi Ağa Salamov bildirib ki, regionlarda yas mərasimləri keçiriləndə çox vaxt yeməkləri elə həyətdə özləri bişirirlər:

“Təəssüf ki, bəzən doğru bildiyimiz yanlışlar insanların zəhərlənməsinə səbəb olur. Xüsusilə yay aylarını, temperaturun 25-35 dərəcədən yuxarı olduğunu, hətta bəzi günlər temperaturun 40 dərəcəyə çatacağını nəzərə alsaq, bu təhlükə daha da artır”.

Ekspert qeyd edib ki, yüksək mühit temperaturunda uzun müddət qalan riskli məhsullar qida zəhərlənməsinə yol açır:

“Məsələn, yas yerlərində verilən əti saatlarla otaq temperaturunda saxlayırlar. Ətin doğranmasından bişirilməsinə və təqdim olunmasına qədər keçən müddətdə nə soyuq zəncirə, nə də isti zəncir qaydalarına düzgün riayət olunur. Bu da təbii ki, sonda qida zəhərlənməsi ilə nəticələnir”.

Ağa Salamov: Yüksək mühit temperaturunda uzun müddət qalan riskli məhsullar qida zəhərlənməsinə yol açır

Ağa Salamovun fikrincə, qida zəhərlənmələrində təkcə ətin üstünə düşmək düzgün deyil:

“Çünki zəhərlənmələr bəzən məhsullardakı pestisid qalıqlarından da baş verə bilir. Yas mərasimlərində süfrəyə verilən pomidor, xiyar kimi təzə meyvə-tərəvəzlər çox vaxt yerli əkinçilərdən alınır. Təbii ki, onların yetişdirilməsində pestisidlərdən istifadə olunur və əgər bu tərəvəzlər düzgün şəkildə yuyulub təmizlənmirsə, ciddi zəhərlənmələrə yol açır”.

Mütəxəssis əlavə edib ki, digər bir məsələ isə turşulardır:

“Düzgün şəraitdə və qida zənciri qaydalarına riayət olunmadan, yaxşı təmizlənməmiş tərəvəzlərdən hazırlanan turşular da zəhərlənmə verə bilər. Hətta belə hallarda çox təhlükəli olan botulizm bakteriyasının yaranması da söz mövzusudur. Bütün bunları nəzərə alaraq, yas yerlərində, istər həyətdə, istərsə də icarəyə götürülən mərasim zallarında soyuq və isti zəncir qaydalarına, gigiyenaya mütləq əməl olunmalıdır. Meyvə-tərəvəzlər yaxşıca yuyulmalı, dezinfeksiya edilməli, yeməklərin hazırlandığı mətbəx və səthlər tamamilə təmiz saxlanılmalıdır. Qida təhlükəsizliyi qaydalarına tam cavab verən şəraitin təmin olunması zəhərlənmələrin qarşısını almaq üçün çox vacibdir”.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026