Qardaş Türkiyədə baş verən zəlzələ minlərlə insanı evsiz, ailəsiz qoydu. Bir neçə saniyədə hər yer darmadağın oldu, həyatlar söndü.
Təbii ki, bu hadisə Azərbaycana da psixoloji olaraq çox təsir edir. Belə ki, bir çox həssas, psixoloji cəhətdən zəif insanlar zəlzələnin təsirindən çıxa, gecələr yata bilmir.
Bu cür hadisələrdə özümüzü psixoloji olaraq necə kökləməliyik?
Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, çox böyük bir faciədir: “Bir millət, iki dövlət demişik. Bu acını da özümüzünkü kimi qəbul edirik. Müharibə zamanı insan hansısa formada bilir ki, olacaq, amma təbii fəlakət elə bir hadisədir ki, gözləmədən yaxalanırsan”.
Psixoloq qeyd edib ki, istər zəlzələ, istər sel olsun, insanların yaşadığı psixoloji travma daha dərin, ağır, psixoloji olaraq daha fərqli olur: “Bu cür stuasiyada bizim edə biləcəyimiz mənəvi və maddi olaraq dəstək olmaqdır. İndiki halda biz dua edə, dəstək ola bilərik”.
Müsahibimizin sözlərinə görə, şübhəsiz ki, dəstək olmaq psixoloji olaraq özümüzü yaxşı hiss etməyimizə səbəb olacaq.
Aytac Aslan
















