Son zamanlar yaşından asılı olmayaraq əksəriyyət bel ağrılarından şikayətlənir. Onurğa nahiyəsində müxtəlif sancmalar, beldə kilitləşmə, kürək nahiyəsində ağırlıq kimi hallar müşahidə edirik. Bəs bel ağrılarnın əsas səbəbləri nələrdir, müalicə metodları hansılardır?
Refleksoterapevt, sinir-əzələ ağrıları üzrə mütəxəssis Məftun Adilli Bakıvaxtı.az-a bildirib ki, bel ağrıları müxtəlif səbəblərdən baş verə bilər - istər travmatoloji, istər infeksion, istərsə də qazanılmış.
Həkim deyir ki, bel ağrıları xəstəliyinin müalicə metodları çoxdur. Ağır hallarda cərrahi yolla, digər hallarda isə ən son əldə edilən nailiyyət, müalicə üsulu farmakopunkturadır.
Onun sözlərinə görə, farmakopunktura üsulu müxtəlif iynə tərkiblərinin ağrı nahiyəsinə birbaşa yeridilməsidir: "Daha sadə dillə desək, tutaq ki, mənim belim ağrıyır, gəlmişəm iynə vururlar, sağalıram. Belə deyil. O, trvamotolji ağrılardan sonra olur. Məsələn, futbol oynayanda, qaçışda ağrılar olarsa, həmin vaxt vurmaq olar.
Lakin digər hallarda farmakopunktura yolu ilə müalicə etmək olar. Bel, boyun, diz, mahmız sümüyün çıxıntısı, hal-hazırda isə son nailiyyət olaraq miqren ağrılarında bu metoddan istifadə edirlər".
Mütəxəssis onu da qeyd edib ki, bel ağrılarının əsas səbəbi kimi yuxarıda sadalananlardan başqa, soyuqlama əlaməti də var: "Məsələn, soyuqda çox qaldıqda, hava çox soyuq olduqda, kondisioner, sərinkeş və s.-in təsiri çox olduqda soyuq bədənə daxil olur və kəskin bel ağrıları ilə müşahidə edilir".
Qeyd edək ki, bel, onurğa nahiyəsində ağrı müşahidə etdikdə həkim müayinəsindən keçib, səbəbinə uyğun müalicə üsuluna müraciət etməkdə fayda var.
Xəyalə Rza