Mozambik sularında Rusiyaya məxsus “Atlantida” adlı okeanoqrafik tədqiqat gəmisinə hücum edilib. Hadisə ilə bağlı artıq ölkə hakimiyyəti araşdırmalara başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Mozambik Klub” portalı yayıb.
Bildirilir ki, 62 metrlik gəmi 10 mayda saat 15:00 radələrində Maputu limanına qayıdarkən atəşə tutulub. Hücum Kvirimbas arxipelaqına daxil olan Tambuzi adası yaxınlığında iki naməlum gəmi tərəfindən həyata keçirilib.
Mozambik hökumətinin nümayəndəsi insidentin baş verdiyini təsdiqləyərək bildirib ki, Rusiya tərəfindən rəsmi bildiriş daxil olmayıb. Lakin buna baxmayaraq, ölkə təhlükəsizlik qurumları məsələ ilə bağlı araşdırma aparır.
Hücumdan sonra gəmi Maputu limanında qısa dayanma etdikdən sonra Cənubi Afrika Respublikasına yola düşüb.
Yerli mənbələr hadisəni İŞİD-lə əlaqəli silahlı qruplaşmaların fəaliyyəti ilə əlaqələndirirlər. Əgər bu versiya təsdiqlənsə, bu, regionda ilk belə hücum kimi tarixə düşə bilər./axar.az