Ulusumuz XXI yüzilin 20-ci ilinin 44 günü içində Qarabağda, Gündoğar Zəngəzurda qazandığı Zəfərlə yalnız ərazi bütövlüyünü bərpa etmədi – bu, milli kimliyimizin, dövlətçilik iradəmizin, ulusal iradənin dirçəliş rəmzinə çevrildi. Şuşada və 3 il sonra Xankəndidə ucaldılan üçrəngli qutsal bayrağımız yalnız fiziki məkanlara sancılmadı, həm də ulusun mənəvi zirvələrində dalğalanmağa başladı.
İntibah — sözün klassik anlamında mədəni və mənəvi oyanış dönəmidir. Avropa renessansı kimi, Azərbaycan intibahı da yalnız sənətdə və ədəbiyyatda deyil, daha geniş — siyasi, iqtisadi, diplomatik və sosial sahələrdə də yeni yüksəliş deməkdir və ya belə yüksəlişi (əsaslı şəkildə) vəd edir. Bu gün ölkəmizdə baş verən hadisələr — məhz belə bir dönəmin yaşandığını göstərir.
Azərbaycan Prezidentinin dış siyasət kursu - dəngəli və milli çıxarlara əsaslanan diplomatik uğurlar - Azərbaycanın uluslararası meydanda nüfuzunu artırıb. Moskvada parada qatılmamaqla nümayiş etdirilən prinsipiallıq, Tiranaya, Budapeştə, daha öncə isə Pekinə və Antalyaya edilən məqsədyönlü səfərlər, ölkəmizə gələn nüfuzlu qonaqlar – bunlar hamısı yeni siyasi fəallığın və öz gücünə inamın ifadəsi, təntənəsidir.
Son illərdə ölkədə keçirilən musiqi, teatr, incəsənət və irs tədbirləri, uluslararası şölənlər, bərpa olunan abidələr, yeni yaradılan mədəniyyət ocaqları – milli kimliyin yenidən dərk edilməsi sürəcinin bir parçasıdır. Qarabağ, Gündoğar Zəngəzur torpaqlarında keçirilən sənət tədbirləri, o cümlədən Şəhər günləri isə intibahın simvolik ünvanlarını nişan verir.
İntibah iqtisadi sahədə də özünü göstərir. Qarabağın bərpası ilə yanaşı, bütün ölkə boyu gedən abadlıq, tikinti-quruculuq işləri, infrastruktur layihələri, kənd təsərrüfatı və sənaye sahəsində canlanma - Azərbaycanın öz resurslarına, milli gücünə və strateji gələcəyinə inamının göstəricisi deyilmi? “Böyük Qayıdış” təkcə fiziki köç deyil – mənəvi qayıdış, yeni tarixlə barışıqlığın və gələcək quruculuğunun fəlsəfəsidir.
Azərbaycan intibahı yalnız milli olmaqla sınırlı qalmayıb, eyni zamanda ümumbəşəri xarakter daşıyır. Barışa, işbirliyinə, mədəniyyətlərarası dialoqa yönəlik təşəbbüslər ölkəmizi bölgədə sabitliyin və tərəqqinin lokomotivinə çevirir. Bu, həm də Azərbaycanın öz tarixi rolunu dərk etdiyini və gələcək dünyada layiqli yerini tutmağa hazır olduğunu göstərir.
Bu günlər - yalnız xəbər lentlərinin deyil, gələcək dərsliklərin mövzusudur. Biz tanığıq - Azərbaycanın milli intibahına, xalqın ruhunun dirçəlişinə!.. İntibahlar yalnız keçmişdə qalmayıb, bu gün də yazılır - və biz onu qürurla yaşayırıq!
Dövlətimiz zaval görməsin!
Bakıvaxtı.az