• Bakı 22° C

    14.47 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

21 illik sanksiyalar bitdi: Suriya üçün yeni imkanlar açılır
DÜNYA
04 Iyul 2025 | 15:32

21 illik sanksiyalar bitdi: Suriya üçün yeni imkanlar açılır

Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı bir sıra sanksiyaları ləğv edən sərəncam imzalayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, xarici siyasət idarələrinin rəhbərləri Amerika tərəfindən Suriyaya qarşı sanksiyaların əhəmiyyətli hissəsinin ləğv edilməsini müzakirə edərkən, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Suriyaya qarşı sanksiyaların daha da yumşaldılması mümkündür. Onun sözlərinə görə, ABŞ Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və ona yaxın şəxsləri sanksiyalardan azad etmək niyyətində deyil.

ABŞ-nin Suriyaya qarşı siyasətini dəyişməsinin səbəbi nədir? Sanskiyaların ləğvi Suriyaya nələr qazandıracaq?

Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Tramp Suriyanın üzərindən sanksiyaları götürməklə şans vermək istədiyini açıqlayıb.

Onun sözlərinə görə, Tramp Suriyanın inkişafının yolunu açmaqla, həmçinin ətraf ərəb ölkələrinin də təhlükəsizliyinə töhfə vermiş kimi oldu. Çünki Suriyada stabillik bütün region üçün lazım idi:

"Suriyanın əvvəlki rejimi BƏƏS partiyası adı altında 61 illik Hafiz Əsəd dövründən oğlu Bəşər Əsəd dövrünə kimi öz xalqına qarşı bir çox cinayətlərə imza atıb. Təkcə Suriyadakı "Sednaya" həbsxanasından olan görüntülər öz vətəndaşlarına hansı olmazın işgəncələrin verildiyinin açıq nümunəsi idi. Hafiz Əsədə vaxtilə "ciyəryeyən" deyildiyi üçün Bəşər Əsədə "ciyəryeyənin oğlu" deyirlərmiş. "Sednaya" həbsxanasındakı görüntülərdə 30 il həbsdə yatan yaşlı qadının, kamera hücrələrində müşahidə edilən işgəncə yerlərinin görüntüləri daha dəhşətli idi”.

Müsahibimiz qeyd edib ki, bu kimi hallara görə ABŞ Suriyaya qarşı sanksiyalar rejimini 2004-cü ildə tətbiq etmişdi. Məlum rejimin devrilməsindən sonra hakimiyyətə gələn prezidentin vəzifələrini seçkilərə kimi icra edən  Əl-Şaara ilə təmaslardan sonra ABŞ hakimiyyəti sanksiyaları aradan qaldırdı. Bu məsələdə Ərdoğan və Səudiyyə Ərəbistanının rolu çox böyük oldu".

Azər Qasımov: Bu qərar Suriya üçün həyatı əhəmiyyət kəsb edirdi

Qasımov vurğulayıb ki, Tramp və Avropa ölkələrinin bir sıra rəhbərləri Əl-Şaaranın keçmişinə baxmadan onu dövlət rəhbəri kimi qəbul edib.

"O cümlədən, Almaniyanın xarici işlər naziri Annalena Berbok Suriyaya gedərək hakimiyyətə dəstək nümayiş etdirən açıqlamalar verdi. Türkiyənin Əl-Saaranın hakimiyyətə gəlməsindəki rolundan isə danışmağa ehtiyac yoxdur. Türkiyə bilavasitə bunun təşkilatçısı oldu. Bu durumda ABŞ-nin Suriyaya dəstək verməsi də təbii idi”.

Politoloq deyib ki, sanksiyaların ləğvi Suriya üçün həyatı əhəmiyyət kəsb edirdi:

“Bu, Suriyaya ABŞ investisiyalarının yolunu açdı və ilk növbədə, yeni hakimiyyət üçün təhlükəsizlik qarantiyası demək idi. Çünki ABŞ investisiyaları olan yerdə hakimiyyətlər özlərini rahat hiss edirlər. Belə ki, kənar güclər ABŞ-dən çəkinərək həmin ölkənin işlərinə qarışmağa risk etmirlər".

Müsahibimiz hesab edir ki, sanksiyaların götürülməsi Suriyanın hərtərəfli olaraq yenidən qurulmasına imkan yaradacaq. Suriya yenidən çiçəklənən və müasir bir dövlətə çevriləcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR