• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azərbaycan qadının faciəsi - Oğuz Ayvaz yazır 
YAZARLAR
25 Oktyabr 2021 | 12:24

Azərbaycan qadının faciəsi - Oğuz Ayvaz yazır 

Oğuz Ayvaz

Azərbaycan cəmiyyətində qadınlar ikinci dərəcəli insan irqindən, kişilərdən sonra söz haqqı olan canlılardır. Xüsusən bu hal ailədə özünü daha qabarıq göstərir. Kişilərin dominant olduğu toplumumuzda qadınlar əzilir, aşağılanır, adına min cür qulp qoşulur, döyülür, amansızca qətlə yetirilir. Mental adən-ənənələrimiz qadına söz haqqı tanımır. “Kişi olan yerdə arvadın sözü çıxar?”, “Ərə get ər çörəyi ye” kimi klişeləşmiş, nimdaşlaşmış sözlər günün bu günündə belə aktuallığını qoruyur.

Ötən həftə yenə intihar hadisəsilə qanım qaraldı. 16 yaşlı yeniyetmə Aynur yaşadığı binadan özünü ataraq canına qəsd elədi. Səbəb açıqca aydın olur. Sevmədiyi biri ilə nişanlayıblar, üstəlik məktəbdən də çıxardıblar. Bu yaşda qızı nişanlayarlar? Onun gələcəyini, xəyallarını, arzularını niyə göydənlərin başından yerə çırparaq məhv edirik? Axı onun təhsil almaq hüququ, yaşamaq haqqı vardı.

Bu cür hadisələri cəmiyyətimizdə tez-tez eşidirik. Analar, atalar uşaqlarına  eqolarından yaranmış parazit kimi baxırlar. Təsəvvür edin, ata gəncliyində həkim olmaq istəyirmiş, ancaq atası bunu ürəyində qoyub və başqa ixtisasa yönləndirib. Ata da öz intiqamını uşağından alır. Oğlunu Tibb Universitetində oxutdurmaq istəyir. Ona görə ki, öz arzusu gözündə qalıb. Nə zamansa bu istək gərçəkləşməlidir. Oğul da böyüyür amma həkim ola bilmir. Çünki istedadı başqa sahədə imiş. Ata yenə də oğlun üstünə gedir, ona qadağalar qoyur. Axır nəticədə oğlunun həyatını məhv edir.

Yaşanılan o qədər dəhşətli hadisələr var ki, yaddaş arxivmdə qalaq-qalaqdırlar. 42 yaşlı qadının hekayəsini heç vaxt unuda bilmirəm. Xatırlayırsınızsa, 28 may metro stansiyasında özünü qatarın altına atmışdı. O gün metroda ağır hava mövcud idi. Ölü sükutu vardı platformalarda. İntihar edən qadının cibindən çıxan kağız onun taleyini əks etdirmişi. Gəlin, bu taleyi bir yerdə oxuyaq:

"Ölümümdə atamı günahlandırın. Yaşım keçib deyə atamın dostu Fərruxa ərə gedə bilmərəm. Yaşayan ölü kimi olmaqdansa, ölmək daha yaxşıdı.”

Bu soyuq cümlələrdə həqiqət üzümüzə çırpılır. İntiharın yerini göstərir qadın – atası. O ata tək deyil, çoxdur. Onlarla, yüzlərlə...

Qadınlara şiddət nə vaxta kimi davam edəcək? Nə zaman biz qadınlara seçimlərinə, haqlarına, arzularına hörmətlə yanaşacağıq? Suallar uzanan yol kimidi...

O qədər təhlükəli cəmiyyətdə yaşayırıq ki, bir qadının tək yaşamasına dözə bilmirik. O qadın təkdisə, deməli başına iş gələcək, namusunu əldən verəcək, camaatın içində biabır olacaq. Yaşı keçib deyə ona hamı lağ edəcək. Bu qadının yanında mütləq ər sözü durmalı olacaq. O söz olmasa o qadın həmişə əzab çəkəcək, gecələr yuxusu olmayacaq. Hər gün kimlərsə ona bu mövzunu xatırladacaq, xatırladacaq. Bezdirəcək, bezdirəcək...

Sevmək azadlıq verməkdir. Əgər bir insanı sevirsinizsə azadlığını əlindən almayın. Əgər o sizi həqiqətən sevirsə, harda olur olsun və nə olur olsun sonda sizin yanınıza qayıdacaq və sizinlə olacaq, əgər bunun əksi olarsa, demək ki, o sizin deyil və heç vaxt da olmayıb. Ən güclü sevgilərdə belə insan bir az da olsa öz azadlığını istəyir. Sevib xoşbəxt olmaq istəyirsənsə qorxulardan azad olmağı bacarmalısan.

Qadınları sevək!

Onlar bizi dünyaya gətirən analardır!

Oğuz Ayvaz

Bakıvaxtı.az  


SON XƏBƏRLƏR

25 Aprel 2024