Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları sərbəst güləş üzrə Olimpiya Oyunlarının mükafatçısı, parlamentin keçmiş üzvü Eldar (Luka) Kurtanidzeni saxlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
İstintaqın məlumatına görə, Kurtanidzeyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin “Məişət zorakılığı” və “Qoruyucu və ya qətimkan tədbiri ilə nəzərdə tutulmuş tələblərə və/və ya öhdəliklərə əməl etməmə” maddələri ilə cinayət işi açılıb.
İyulun 27-də Gürcüstan mediası Kobuleti kurort şəhərində baş vermiş insidenti əks etdirən videogörüntülər yayıb. Jurnalistlərin sözlərinə görə, Kurtanidze keçmiş həyat yoldaşına qarşı fiziki güc tətbiq edib.
Eldar Kurtanidze 1972-ci ildə anadan olub. O, Atlanta (1996) və Sidney (2000) Olimpiya Oyunlarının bürünc mükafatçısı, həmçinin sərbəst güləş üzrə ikiqat dünya çempionu və beşqat Avropa çempionudur. Müxtəlif vaxtlarda Gürcüstanın idman və siyasi strukturlarında vəzifələr tutub.