• Bakı 17° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

İsa Qəmbərin qayıdışı - Müsavat toparlanır: nə dəyişəcək?  
SİYASƏT
06 May 2024 | 14:29

İsa Qəmbərin qayıdışı - Müsavat toparlanır: nə dəyişəcək?  

Xəbər verdiyimiz kimi, mayın 4-də Müsavat Partiyasının XI Qurultayı keçirilib və 300-dən çox nümayəndənin iştirak etdiyi qurultayda İsa Qəmbər partiya sədr seçilib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər ölkədə demokratik dəyişikliyə keçid üçün iqtidarla ictimai saziş təklifi ilə çıxış edib. Vurğulayıb ki, hakimiyyətlə cəmiyyət arasında, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır:

"Demokratik birliyin içində bir ictimai birlik olmalıdır. Media, vətəndaş cəmiyyəti, siyasi qüvvələr, ziyalılar birgə iradə ortaya qoymağı bacarmalıdır".

İsa Qəmbər hesab edir ki, ölkədəki problemləri həll etmək elə də asan olmayacaq:

“Ancaq bu mümkündür. İnanıram ki, birgə səylərlə hədəflərə çata bilərik, problemləri həll edə bilərik. Çünki biz millət olaraq çox böyük hədəflərə çatmağı bacarmışıq. Biz 80-ci illərdə hərəkata başlayanada əsas üç hədəfi qarşımıza məqsəd qoymuşduq. Azərbaycanın istiqlalı, ərazi bütövlüyü və demokratiya, haqq-ədalət, xalqın xöşbəxtliyi. Fakt budur ki, torpaqlarımızın azad edilməsi indiki hakimiyyətin dönəmində baş verib və biz bunu reallıq kimi qəbul edirik”.

Bir sıra ekspertlər İsa Qəmbərin partiya başqanı seçilməsini Müsavatda yeni mərhələnin başlanğıcı kimi dəyərləndiriblər.

Siyasi elmlər doktoru, professor, keçmiş müsavatçı Qabil Hüseynli isə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İsa Qəmbərin Müsavat Partiyasının başqanlığına qayıdışı ciddi surətdə nəyisə dəyişməyəcək.

Onun sözlərinə görə, Müsavat Partiyası ötən müddət ərzində ciddi itkilərə, istefalara məruz qalıb:

"Müsavat Partiyasını yenidən dirçəltmək ümidləri yaxşıdır. Amma Müsavat əvvəlki vaxtlarından qat-qat daha zəifdir. O baxımdan İsa Qəmbərin Müsavatı toparlaması heç də asan olmayacaq. Xüsusən, indiki mövcud reallıqlarda bu iddialar heç də inandırıcı görünmür. Baxaq, görək. Partiya hələ ayaq üstündə durmağı bacararsa, sıralarını genişləndirərsə, yeni hədəflər müəyyən edərsə və taktiki variantlar seçə bilərsə, nəyəsə nail olmaq barədə danışırlar. Müsavat partiyasının hansı yol qət edəcəyini zaman göstərəcək. Sadəcə, bir məqamı xatırladım. İsa Qəmbər vaxtilə tərəfdarlarını meydana səsləyərkən deyirdi ki, "siz “Qələbə” meydanına gəlin, mən sizi meydandan qələbəyə aparım". Amma alınmadı. Açığı indiki məqamda da İsa Qəmbərin partiya başqanı kimi hər hansı uğur əldə edəcəyinə inanmıram".

Qabil Hüseynli: İndiki mövcud reallıqlarda bu iddialar heç də inandırıcı görünmür

Qabil Hüseyli İsa Qəmbərin "itidarla ictimai saziş" təklifini də şərh edib:

"Bu məsələ təkcə Müsavatın arzusu ilə reallaşa bilməz. "İctimai saziş"lə nə etmək istəyirlər? Konstitusiyanı, siyasi mühiti, yaxud siyasi partiyalar haqqında qanunu dəyişdirmək fikrindədirlər? Bunlar hələ ideyalardır və real görünməyən məsələlərdir. Yaxşı olar ki, Müsavat Partiyasının rəhbərliyi konkret hansı addımların atılacağından, siyasi təşkilatın gələcək yol xəritəsindən, planlarından danışardı. Təki dedikləri kimi olsun, uğurlar".

Aydın Baxış


SON XƏBƏRLƏR

18 May 2024