Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı Sərəncam əsasında respublikamızda növbədənkənar Prezidenti seçkiləri elan edilib. Növbədənkənar seçkilər 2024-cü il fevralın 7-nə təyin olunub.
Bu Sərəncam ilk növbədə nələri ifadə edir, nələri yada salır, necə bir perspektiv vəd edir?
Birincisi,
Azərbaycan Respublikası öz ərazi bütövlüyü və suverenliyini artıq tam bərpa edib. Bu vəzifə Azərbaycan Prezidentinin rəsmi andında öz əksini tapmış müqəddəs vəzifədir! 2018-ci ildə Prezident seçildikdən sonra İlham Əliyev xalqımızın qarşısında duran ən önəmli talüyeklü problemin həllinə xidmət edən son tamamlayıcı mərhələni başlatdı. Bəli, qısa zaman içində ölkəmizin, xalqımızın bütün potensialını bir məqsəd uğruna səfərbər edən İlham Əliyev, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdi. Bu müqəddəs vəzifənin yerinə yetirilməsi əvəzolunmaz hadisədir; onu da etiraf etməliyik, olduqca çətin, hətta, bir çoxlarına görə həlli mümkünsüz sayılırdı. Öz Ordusuna, bütövlükdə xalqımıza arxalanan İlham Əliyev mümkünsüzü mümkün etdi.
2018-ci ilə, Cümhuriyyətimizin 100 illik əlamətdar yubiley ilinə - məhz “Cümhuriyyət İli”nə təvafüq edən Prezident seçkilərində İlham Əliyev növbəti dəfə qələbə çaldı. Və bundan cəmi iki il keçmiş - 2020-ci ilin sentyabrında II Qarabağ müharibəsi başladı - 30 illik işğala ayyarım kimi qısa müddətdə son qoyuldu! Şəhidlərimizin əziz ruhu qarşısında dərin sayğılarla baş əyib, qazilərimizə möhkəm cansağlığı dilərkən, etiraf edək: 44 günlük müharibənin nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul görməsi dövlət müstəqilliyimizin beynəlxalq birlik səviyyəsində qəbul görməsi qədər çətin idi. Sözü imzası qədər keçərli uğur Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz, dövlət-xalq birliyimiz mümkünsüzü mümkün qıldı. Bunun ardınca sürətli tikinti-quruculuq işləri başladı – Qarabağa, Gündoğar Zəngəzura mədəniyyət qayıtdı, insanlıq qayıtdı; ardınca təbiətin sərt soyuğundan, qar-qışından bir balaca imkan yaranan kimi Silahlı Qüvvələrimiz şərti dövlət sərhədinin əlçatmaz, ünyetməz sayılan məntəqlərinə çıxdı, bayraq sancdı, xidməti təşkil etdi. O soyuq və o qar-qış ki təbiətdən deyil, düşmən cəmiyyətdən və havadarlarından gəlirdi, onu da öz polad iradəmiz, Dəmir Yumruğumuzla ram etdik. Bu ram etmənin parlaq təcəssümü “Laçın dəhlizi” deyilən “dəhliz”in alternativi olaraq Laçın yolunun çəkilməsi və ardınca Laçın şəhəri, Sus və Zabux kəndlərinin qanunsuz erməni məskunlaşdırmasından arındırılması oldu. Sonra uğur uğur gətirdi – 2022-ci ilin sentyabrında olanlar oldu; bu ilin aprelində Ermənistan-Azərbaycan şərti dövlət sərhədində DSX postu qurduq, 20 sentyabr 2023-cü ildə isə bir sutkadan da az çəkən antiterror tədbirləri ilə keçmiş işğalçı ordunun tör-töküntülərini də ağ bayrağa vadar etdik. 15 oktyabrda Müzəffər Ali Baş Komandan Xankəndi, Xocalı və digər yaşayış məntəqələrimizdə də bayrağımızı ucaltdı! Cənab Əliyev 20 il öncə məhz həmin gün ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uçün ilk dəfə Prezident Andı içmişdi!
Beləliklə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası həm bölgədə, həm də ölkəmizdə yeni gerçəkliklər yaradıb. Müstəqil Azərbaycan Respublikası tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bax, bu, ərazi bütövlüyümüzün, suverenliyimizin parlaq təsbitidir.
7 fevral 2024-cü il seçkilərinə alnıaçıq, bayrağı uca və qürurla gedirik!
Xalqımıza, ölkəmizə xeyirli-uğurlu olsun!
Dövlətimiz zaval görməsin!
Bakıvaxtı.az