ABŞ-də sadə plastiklər və xüsusi hazırlanmış maqnit birləşmələrinin qarışığı ilə quruluş hazırlanıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin Prinston Universitetində çalışan mühəndislər hazırladırları quruluşa “Metabot” adını veriblər.
“Nature” jurnalında dərc olunan araşdırmaya əsasən, metabot origami sənətindən ilham alınaraq hazırlanıb və “Kresling naxışı” adlanan bükülə bilən silindrik struktura malikdir.
Layihənin rəhbəri, professor Glaucio Paulino bildirib ki, metabot xarici maqnit sahəsinin təsiri ilə idarə edilə bilir və bu, materialla robot arasında çevrilmə funksiyasını mümkün edir.
Quruluş bir-birinin güzgü əksi olan hissələrdən ibarətdir və bu dizayn sayəsində qurğu bükülə, darala və fırlana bilir.
Tədqiqatçılar metabotun gələcəkdə tibbdə dərman daşıyan mikro robotlar, cərrahiyyə proseslərində yardımçı cihazlar, həmçinin istilik tənzimləyici və enerji udan strukturlar kimi sahələrdə geniş tətbiq imkanlarına malik olduğunu bildiriblər.
Qeyd olunur ki, metabot bəzi hallarda fiziki qanunlardan kənar görünən davranışlar sərgiləyərək histerezis fenomeninin – gecikmiş reaksiyanın – modelləşdirilməsində də istifadə oluna bilər.
Alidə Məmmədova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakıvaxtı.az