"Ermənistan baş naziri Nikol Paşinyan və xarici işlər naziri Arorat Mirzoyan Qərbin oyununu oynayır. Parlament sədri Alen Simonyan isə birmənalı şəkildə Moskvanın dediyini icra edir".
Bunu Bakıvaxtı.az-a siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, qərbyönlü siyasətçilərin məqsədi odur ki, Ermənistanda hakimiyyət çevrilişi olanda Qərbdən, Fransadan siyasi sığınacaq ala bilsinlər: "Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfəri də təəccüblü deyil. Qriqoryan birmənalı şəkildə SOROS-un cocuqlarındandır”.
Müsahibimiz hesab edir ki, ABŞ Moskvanı çaşdırmaqdan ötrü növbəti bir oyun hazırlayır. Belə ki, Nikol Paşinyan etimadı doğrultmadığından, onu Armen Qriqoryanla əvəzləmək istəyirlər: “Ona görə Vaşinqton çalışır ki, Paşinyan sülh müqaviləsini bağlasın, ölkədə etirazlar başlasın və yenidən seçkilər keçirilsin. Növbəti seçkidə Armen Qriqoryanı hakimiyyətə gətirmək niyyəti güdürlər”.
C.Nuriyevə görə, baş verənlər göstərir ki, Ermənistan ölkə deyil, öz sözü, əməli yoxdur. Ancaq başqalarının dedikləri ilə oturub-durur: “Yəni Ermənistanın adından İrəvan yox, Fransa, İran, Rusiya, ABŞ kimi ölkələr çıxış edir. Əgər bir "dövlət" başqa ölkələr arasında sözün həqiqi mənasında bölünübsə, öz sözünü deməyə ixtiyari yoxdursa, belə hökumətlə hansı sülh danışıqlarından, sazişin imzalanmasından danışmaq olar?!"
Aydın Baxış
















