Səhhətimdə problem yoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan növbəti məhkəmə prosesində deyib.
Təqsirləndirilən şəxs A.Harutyunyan səhhəti ilə bağlı şikayətinin olmamasını qeyd edib: “Sağlamlıqla bağlı problem yarandıqda təcridxanada həll olunur. Ümumiyyətlə, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməmişəm”.
Təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.
A.Harutyunyan isə digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini bildirib.
Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərək təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib.
Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək vəsatətlərə təmin olunmamasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər.
Zərərçəkmişin nümayəndəsi Arzu Cavadov deyib ki, ölkədəki təcridxanalarda kifayət qədər savadlı həkimlər var: “Kifayət qədər dava-dərmanla təchiz olunub. Vaxtlı-vaxtında tibbi yardım göstərilir... Qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı heç bir prosessual əsas yoxdur... Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onların sağlamlığı nəzarətdədir. Buna görə də məhkəmədən xahiş edirəm ki, verilmiş vəsatətlər təmin edilməsin”.
Zərərçəkmişin nümayəndəsi Şahin Hüseynov deyib ki, təqsirləndirilən şəxslərin ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunduqları nəzərə alınmalıdır: “Təqsirləndirilən şəxslərin hüququ olduğu kimi, zərərçəkəkmişlərin də hüququ var. Burada minlərlə zərərçəkənin hüquqlarının müdafiəsindən söhbət gedir. Ev dustaqlığı ilə bağlı verilən vəsatət əsassızdır. Təmin olunmamasını xahiş edirəm”.
Zərərçəkmişin nümayəndəsi Cavanşir Məmmədov bildirib ki, təqsirləndirilən şəxslər ölkəni tərk edərkən saxlanılıblar: “Onların məhkəmədən gizlənməsi, ədalət mühakiməsindən yayınması təhlükəsi qalır”.
Məhkəmə yanvarın 27-də keçiriləcək növbəti iclasında vəsatətlərlə bağlı qərarlar elan edəcək.