“Araz-Naxçıvan” klubu mövsümlərarası fasilədə ilk futbolçu transferini reallaşdırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bar Cohen 2025/2026 mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək.
Pleymeyker funksiyasını yerinə yetirən 24 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
O, buna qədər ancaq İsrail klublarında çıxış edib. Müxtəlif illərdə “Makkabi Tel-Əviv”, “Beytar Tel-Əviv”, “Hapoel Hayfa” komandalarının formasını geyinən hücumameyilli yarımmüdafiəçi son iki mövsümü “Makkabi Netaniya”da keçirib. Karyerasında ilk dəfə legioner həyatı yaşıyacaq futbolçu İsrailin U-17, U-18, U-19 və U-21 millilərinin də üzvü olub.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.