6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Danılmaz faktdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə uğurlu islahatlar aparılır. Bu islahatlar içərisində iqtisadi islahatlar böyük önəm daşıyır.
Sahibkarlığın inkişafı digər ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadiyyatın əsas istiqamətlərindən biridir. Çünki iqtisadiyyatını inkişaf etdirmək istəyən hər bir dövlət sahibkarlığın maneəsiz şəkildə formalaşıb, təkminləşməsinə şərait yaratmalı və bunun üçün lazım olan bütün tədbirləri görməlidir.
Hazırda Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mövcuddur ki, o, mikro, kiçik və orta biznesin inkişafını dəstəkləyərək sahibkarlara xidmət göstərir. Bunun vasitəsilə sahibkarlıq sahəsində dövlət siyasəti formalaşdırılır, sahibkarların hüquqları təmin olunur və əlverişli biznes mühitinin yaradılması üçün işlər görülür. Agentliyin başlıca vəzifəsi Azərbaycan Respublikasında sahibkarlığı dəstəkləməkdən ibarətdir.
Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsi azad sahibkarlıq hüququ haqqındadır:
"Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək, təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər".
Yəni sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənmiş hüquqları var ki, bu da dövlətimizin bu sahəyə olan diqqətindən irəli gəlir.
Bəs görəsən azad sahibkarlığı və liberal iqtisadiyyatın təşviqi üçün daha hansı işlər görülməlidir?
Emin Qəribli: Sahibkarlığımızı inkişaf etdirmək üçün müvafiq tədbirlər görməliyik
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı Emin Qəribli bildirib ki, azad sahibkarlığın təmin olunması üçün liberal iqtisadi siyasətinin yürüdülməsi vacib bir məqamdır.
Emin Qəriblinin sözlərinə görə, liberal iqtisadiyyatın özünün də mənfi cəhətləri var, hansı ki, liberal iqtisadiyyat hər hansı bir dövlətin sahibkarlara yardımının tərəfdarı deyil:
"Sırf klassik liberal iqtisadiyyatı götürsək, ayrı-ayrı məktəblər var ki, onların nümayəndələri ümumiyyətlə yardım, dəstək olmamalıdır deyir. Liberal iqtisadiyyat odur ki, tam liberal, yəni yardım etmədən, müvafiq qanunvericiliklə elə tənzimlənməlidir ki, özləri inkişaf etsinlər".
Burada əsas məqamın sahibkarlığa yardım etmək olduğunu deyən iqtisadçı qeyd edib ki, istər liberal, istər dövlət yardımı ilə olmasından asılı olmayaraq biz sahibkarlığımızı inkişaf etdirmək üçün müvafiq tədbirlər görməliyik və bu tədbirlər Ümumdünya Ticarət Təşkilatının, ayrı-ayrı beynəlxalq təşkilatların qaydalarına, ölkələrin maraqlarına zidd olmamalıdır:
"Biz görürük ki, bu gün İqtisadiyyat Nazirliyinin ayrı-ayrı bölmələri, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və s. kimi qurumlar müvafiq olaraq işlər görürlər. Xüsusən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhz vergilərin liberallaşması istiqamətində vacib addımlar atır. Vergi yükü azalır, şəffaf iqtisadiyyatın təmin olunması üçün addımlar atılır, vergi qanunvericiliyində dəyişikliklər edilir".
Ekspert xüsusilə vurğulayıb ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün önəmli addımlar atılır və bununla kifayətlənməməliyik. Bildirib ki, hazırda dünya dəyişir, texnologiyalar, yardım alətləri təkminləşir və biz də buna ayaq uydurmalı, bir yerdə durmadan daim müvafiq qanunvericiliyin, yardım alətlərinin təkminləşdirilməsi üçün işlər görməliyik:
"Ayrı-ayrı vacib strateji istiqamətlər var ki, onlara xüsusi diqqət yetirmək lazımdır. Bu sahədə müvafiq vergi güzəştləri təklif olunmalıdır. Güzəştlərin verilməsi heç də liberal siyasət deyil. Artıq bu, dövlət dəstəyidir. Bu yardımlar artmalıdır. Ayrı-ayrı sahələr üzrə yeni tədqiqatlar aparılmalıdır".
Lazım gələrsə, bəzi sahələrdə məhz iri sahibkarlara da yardımlar göstərilməsinin önəmini vurğulayan həmsöhbətimiz nəzərə çatdırıb ki, iri sahibkarlığın özü də bu gün beynəlxalq rəqabətdə çətinliklər çəkir:
"Biz ixracatı artırmaq istəyiriksə, onlara da müvafiq yardım siyasəti yürüdülməlidir. Bu istiqamətdə yeni dövrə, yeni çağırışlara uyğun tədbirlər görülməlidir, siyasət təkmilləşməlidir. İstər kredit sahəsində, istər vergi sahəsində, istər ayrı-ayrı maraqların gözlənilməsinə dair hüquq qanunvericiliyinin təkminləşməsinə ehtiyac var. Dövr dəyişir və bu dəyişən dövrə uyğun da tədbirlər görülməlidir. Biz görürük ki, bəzi maneələr formalaşır və bu maneələrin müəyyən tədqiqat əsasında aradan qaldırılması üçün işlər görülməlidir".
Eldəniz Əmirov: Azad sahibkarlığın inkişafı üçün qanunvericilik bəzası təkmilləşdirilməlidir
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, Azərbaycanda azad sahibkarlığın inkişafı üçün həm qanunvericilik bəzasının təkmilləşdirilməsində, eyni zamanda digər hüquqi əsasların yaradılması baxımından müəyyən işləri aparılmaqdadır.
E.Əmirov bu sahədə görülən işlərə "Kiçik və Orta Sahibkarlıq haqqında" qanunun qəbul olunmasını və əlavə olaraq da rəqabət məcəlləsinin qəbul edilməsini nümunə göstərib:
"Amma təbii ki, görüləcək işlər hələ çoxdur. Bununla bağlı düşünürəm ki, qarşıdakı illərdə biz Rəqabət Məcəlləsinin işlək mexanizminin təsirlərini görəcəyik. Eyni zamanda növbəti dönəmlərdə bu məcəllənin müəyyən istiqamətlərdə təkmilləşdirilməsi prosesləri baş verəcək”.
“Bütün bunlar düşünürəm ki, sahibkarların inkişafına öz töhfəsini vermiş olacaq", - deyə Eldəniz Əmirov vurğulayıb.
Mina Mikayılova
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb